Azərbaycan - etibarlı tərəfdaş ölkə!

Azərbaycan - etibarlı tərəfdaş ölkə!

Dörd il öncə Vətən Müharibəsi nəticəsində Ermənistan üzərində qazanılan tarixi zəfərdən və 2023-cü ildə Müzəffər ordumuzun Qarabağ iqtisadi rayonunda apardığı lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu.

Bu günlərdə isə Üçtərəfli Bəyanata əsasən regionda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl ərazini tərk etməsi, Qazaxın 4 kəndinin bir güllə atılmadan, danışıqlar masasında işğaldan azad olunmasının təsbir edilməsi Azərbaycanın dünya birliyindəki nüfuzunu daha da artırıb. Məhz bu baxımdan Müzəffər Prezidentimiz cənab İlham Əliyevin istənilən xarici ölkəyə səfəri, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərindəki çıxışları böyük maraqla qarşılanır.

Bu mənada cənab Prezident İlham Əliyevin bu günlərdə Almaniyaya Federativ Respublikasına etdiyi işgüzar səfəri ölkəmizlə yanaşı beynəlxalq aləmdə də böyük  maraqla qarşılandı. Almaniya haqqında danışarkən xüsusi qeyd edilməlidir ki,  Almaniya-Azərbaycan əlaqələrinin inkişafı, həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir. Dünyada baş verən müharibələr, siyasi gərginliklər fonunda zəngin təbii və bərpaolunan enerji ehtiyatlarına malik ölkəmizin son illər ərzində Avropa İttifaqının etibarlı enerji təchizatçısına çevrildiyinin şahidi oluruq. Avropanın ümumilikdə dünyanın əsas iqtisadi, sənaye lokomotivlərindən biri olan Almaniya ilə də münasibətlərimizin inkişafı hər iki ölkənin maraqlarına tam cavab verir.

Qeyd edim ki, hazırda iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Artıq Almaniya Avropada ölkəmizin ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Bu gün Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısı olan Almaniya ilə münasibətlərimizin hazırkı səviyyəsi bir çox amillərlə bağlıdır.

Bu günlərdə Almaniyaya işgüzar səfər edən cənab Prezident İlham Əliyev Almaniya-Azərbaycan əlaqələrinin inkişafının, həm ölkələrimizin, həm də bütövlükdə, Cənubi Qafqazın inkişafı və sabitliyinı müsbət təsiri olduğunu bəyan etmişdir. Səfər çərçivəsində paytaxt Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak və çıxış edən ölkə başçısı cənab İlham Əliyev tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki,  COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Sevindirici haldır ki, Avropaya hazırda təbii qaz ixrac edən, o cümlədən yaşıl enerji ixrac etmək üçün fəal çalışan Azərbaycanı Avropada etibarlı tərəfdaş gözündə görürlər. Məhz bütün bunların sübutu kimi COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilməyimizi göstərə bilərik.  

Ələkbər Əliyev;
Neftçala rayonu, Şəhid atası