İnsanları düzgün tanımamaq — həm karyerada, həm də şəxsi həyatda etdiyimiz ən bahalı səhvlərdən biridir.
Bu səhvin nəticəsini isə həm işdə, həm də ailədə ödəyirik.
Həyatda xoşbəxtlik və uğurun ən böyük sirlərindən biri: TANIMAQDIR.
Amma tanımaq başqalarından yox, özündən başlayır.
Özünü tanımayan insan:
– nə istədiyini bilmir
– nəyi bacardığını dərk etmir
– və ən təhlükəlisi — səhv yolda olduğunu belə anlamır
Özünü tez tanıyan insan isə artıq uğurun yarısını qazanmış olur.
Karyerada isə bu bacarıq bəzən təcrübədən daha önə keçir.
Çünki:
– müştərisini tanıyan satış edir və biznesini böyüdür
– işçisini tanıyan komanda qurur və onu möhkəmləndirir
– rəhbərini tanıyan sistemdə qalır və yüksəlir
– rəqibini tanıyan isə oyunu qazanır
Əks halda hər kəsə eyni yanaşarsan.
Bağında bitən alaq otları ilə çiçəklərə eyni dəyəri versən, nəticədə bağın çiçəklərdən yox, alaq otlarından ibarət olar.
Rəhbərlik edənlər üçün bir həqiqət var:
Ədalət bərabərlik deyil. Ədalət — düzgün fərqləndirmədir.
İnsanlar şirkəti yox, rəhbərlərini tərk edirlər.
Əgər əməkdaşının:
– güclü və zəif tərəflərini
– emosional xüsusiyyətlərini
– potensialını
– şəxsi keyfiyyətlərini
bilmirsənsə, nə sən ondan maksimum fayda götürə bilərsən, nə də o özünü tam göstərə bilər.
Bəzən rəhbər əməkdaşına onun özündən daha çox inanır.
Və məhz bu inam insanın özünün fərqində olmadığı potensialı üzə çıxarır.
Bu gün bütün şirkətlər potensiallı işçi axtarır.
Amma çox vaxt onu işçidə görə bilmirlər.
İşçini tanımaq vacib olduğu qədər, rəhbəri tanımaq da vacibdir.
Əgər onun qırmızı xətlərini, prioritetlərini və qərarvermə məntiqini anlamırsansa —
nə qədər güclü olsan da, o sistemdə uzun müddət qala bilməyəcəksən.
Bəs tanımağın xoşbəxtliklə nə əlaqəsi var?
Xoşbəxtlik hər kəs üçün fərqlidir.
Amma çoxumuz onu ailədə axtarırıq.
Problem ondadır ki, ən çox sevdiklərimizi ən az tanıyırıq.
Valideynlərimizi ideal görürük — amma tanımırıq.
Onların qorxularını, zəif tərəflərini və daxili dünyasını anlamırıq.
Onları tanıdıqca isə həyatımıza təsirlərini daha düzgün idarə edə bilirik.
Həyat yoldaşımızı sevirik — amma bəzən onun nə istədiyini belə bilmirik.
İllərlə eyni evdə yaşayıb, bir-birinin iç dünyasından xəbərsiz olan ailələr var.
Övladımıza “mənim uşağım belə etməz” deyirik — amma edir.
Çünki biz onu müşahidə etmirik, sadəcə sevirik.
Onun uduzanda nə hiss etdiyini,
qalib gələndə necə dəyişdiyini,
insanlara qarşı münasibətinin necə formalaşdığını vaxtında görmürük.
Və nəticədə uşaq bu emosiyaları idarə edə bilmədiyi üçün ətrafına zərər verə bilir.
Sevgi kifayət deyil.
Anlamaq lazımdır. Tanımaq lazımdır.
Çünki:
– tanıdığın insanı düzgün yönləndirə bilərsən
– tanıdığın insana düzgün reaksiya verə bilərsən
– tanıdığın insanla münasibəti qoruyub inkişaf etdirə bilərsən
Əks halda ya gözləntilər qırılır, ya da münasibətlər.
Tanımaq çətindir.
Vaxt istəyir, diqqət istəyir, səmimiyyət istəyir.
Amma nəticəsi çox aydındır:
Hüzur istəyirsənsə — tanı.
Uğur istəyirsənsə — tanı.
Xoşbəxt olmaq istəyirsənsə — tanı.
Səidə Fətullazadə