Azərbaycan və İordaniya KOB-ları arasında sənəd imzalanıb

Azərbaycan və İordaniya KOB-ları arasında sənəd imzalanıb

Anlaşma Memorandumuna əsasən KOBİA və JEDCO KOB sahəsində əməkdaşlığı gücləndirəcək və bizneslər arasında yeni tərəfdaşlıqların qurulmasını təşviq edəcəklər.

 Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində KOB sahəsində əməkdaşlığın inkişafına, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və bizneslər üçün yeni imkanların yaradılmasına yönəlmiş Anlaşma Memorandumu imzalanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İordaniyanın Sahibkarlığın İnkişafı Korporasiyası (JEDCO) arasında imzalanmış sənəddə iki ölkənin KOB-ları arasında əməkdaşlığın gücləndirilməsi, ticarət və investisiya imkanları barədə məlumat, KOB-lara xidmətlərin göstərilməsi və bu sahədə idarəetməyə dair təcrübə mübadiləsinin genişləndirilməsi, biznes subyektləri arasında yeni əməkdaşlıqların qurulması üçün qarşılıqlı biznes missiyaların, müxtəlif tədbirlərin təşkili və digər təşviqedici fəaliyyətlər nəzərdə tutulur. Memorandumun icrası məqsədilə tərəflər əməkdaşlığın istiqamətlərini və mərhələlərini əks etdirən Yol Xəritəsi hazırlayacaqlar.