Azərbaycan–ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur - ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdikləri birgə bəyanat zamanı səsləndirdikləri fikirlər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.
Dövlət başçısı çıxışında ABŞ ilə Azərbaycan arasında formalaşmış qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq, Tramp–Vens administrasiyasının ölkəmizə göstərdiyi müsbət münasibəti yüksək qiymətləndirdi və buna görə minnətdarlığını ifadə etdi. Möhtərəm Prezident Vitse-prezidenti Azərbaycanda salamlamağın böyük şərəf olduğunu bildirərək qeyd etdi ki, səfər çərçivəsində keçirilən görüşlər olduqca səmərəli və konstruktiv mühitdə keçib. İkitərəfli gündəliyin geniş spektrini əhatə edən müzakirələr siyasi dialoqdan iqtisadi-ticarət əlaqələrinə, enerji təhlükəsizliyindən regional sabitliyə qədər bir çox mühüm istiqamətləri əhatə edib. Bu isə tərəflərin münasibətləri daha da dərinləşdirmək və strateji müstəviyə yüksəltmək niyyətinin göstəricisidir.
Dövlət başçısı xüsusilə Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanmasını tarixi hadisə kimi qiymətləndirdi. Cənab İlham Əliyev bu sənədi son altı ay ərzində hər iki ölkənin heyətləri tərəfindən aparılmış intensiv və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bəyan etdi. Altı ay əvvəl Vaşinqtonda cənab Prezidentin ABŞ Prezidenti Donald Trampla keçirilmiş tarixi görüşü çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün işçi qrupunun yaradılması barədə sənədin imzalanması bugünkü nailiyyətin əsasını qoymuşdur. Həmin qərar iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar açmış, münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirmişdir.
Bu gün Azərbaycan ABŞ ilə əlaqələrin inkişafına xüsusi önəm verir və bu əməkdaşlıq qarşılıqlı maraqlara, suverenliyə hörmətə və bərabər tərəfdaşlıq prinsipinə əsaslanır. ABŞ-ın regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsində oynadığı rol, eyni zamanda Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi münasibətlərin strateji xarakterini şərtləndirir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan uzun illərdir ki, qlobal bazarlara etibarlı və şaxələndirilmiş enerji təchizatı təmin edir və bu istiqamətdə ABŞ ilə əməkdaşlıq mühüm yer tutur.
Göründüyü kimi Azərbaycan və ABŞ arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, yüksək texnologiyalar, nəqliyyat-logistika, müdafiə sənayesi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş perspektivlər mövcuddur. İmzalanmış Xartiya bu istiqamətlər üzrə konkret fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı fəaliyyətin sistemli şəkildə həyata keçirilməsinə zəmin yaradır. Ölkə başçısının bəyanatı bir daha göstərdi ki, Azərbaycan–ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur və bu münasibətlər qarşılıqlı etimada, açıq dialoqa və strateji baxışa əsaslanır.
Gülər Mirzəyeva
Neftçala rayonu

