Azərbaycanda yeni qatar reysi istifadəyə verildi
Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayıb.
Müasir elektrik qatarı hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək.
Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə olacaq.
Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər. Qatarlarda "Standart", "Standart+", "Biznes" və "Birinci" siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4.30 AZN, Ləki-Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.
Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı-Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə-Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ-Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax-Bakı qatarı ilə Bakıya gələ bilərlər.
Biletləri ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə almaq olar.

