Bakıda və regionlarda ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusu sökülüb
Cari ilin yanvar-avqust ayları ərzində Bakı və regionlarda ağaclar üzərində qanunsuz yerləşdirilmiş ümumilikdə 267 reklam qurğusu demontaj edilib.
Bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən məlumat verilib.
Məlumatda bir daha vətəndaşlar və sahibkarlardan yaşıllıqlara hörmətlə yanaşmaq tələb olunub.
Eyni zamanda xatırladılıb ki, reklam qurğularının istinad divarlarında, ağaclarda, qayalarda və digər təbiət obyektlərində quraşdırılmasına icazə verilmir. İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq tələblərin pozulmasına görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilə bilərlər.


