Azərbaycanın MDB-dəki mövqeyi - RƏY
Bu günlərdə Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı. Möhtərəm prezident cənab İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının 7-8 oktyabr tarixlərində Moskva şəhərində baş tutan növbəti iclasında iştirakı, orada keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər həm ikitərəfli, həm də birlik səviyyəsində xüsusi məna və əhəmiyyət kəsb edirdi.
Bu görüş, eyni zamanda Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzunun da bariz göstəricisi oldu. Moskvada keçirilən Zirvə görüşündə hər kəs Azərbaycanın bölgədə və regionda artan nüfuzunun bir daha şahidi oldu. Bu gün Rusiya-Azərbaycan əlaqələri möhkəm təmələ əsaslanmaqla, daimi və davamlı uğurlara doğru inamla inkişaf edir. Bu münasibətlər eyni zamanda etimad mühitinin daha da möhkəmlənməsinə yol açır.
Cənab president İlham Əliyev ölkəmizin qonşu dövlətlərlə əlaqələrinin inkişafını xarici siyasətimizin əsas tərkib hissəsi kimi xüsusi diqqətdə saxlayır. Xüsusilə Rusiya kimi köklü, tarixi əlaqələrə malik olduğumuz nəhəng bir dövlətlə daimi olaraq sərfəli, milli maraqlara dayanan münasibətlər saxlamaq mövcud dünya düzənində əhəmiyyətli haldır. Məlumdur ki, tarixi Zəfərimizdən sonra 2022-ci ildə cənab İlham Əliyevin Rusiya Federasiyasına səfəri zamanı Azərbaycan və Rusiya prezidentləri “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. Bu sənəd münasibətlərimizin gələcək inkişafının yol xəritəsi oldu, xalqlarımız arasında tarixi dostluq, mehriban qonşuluq ənənələrinə, dərin mədəni, humanitar əlaqələrə əsaslanaraq dövlətlərarası münasibətlərimizi keyfiyyətcə müttəfiqlik səviyyəsinə yüksəltdi.
Dövlət başçımız Moskva görüşündəki çıxışında bu məqama da istinad edərək, MDB səviyyəsində ölkələrin qarşılıqlı etimada əsaslanan siyasət yeritmələrinin hər kəsə faydalı olacağını bildirdi. Cənab Prezident İlham Əliyevin Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi barədə fikirləri çıxışında ən diqqət çəkən məqamlardan idi. Ölkə başçımız bunu Azərbaycanın MDB-yə üzv ölkələr arasında malik olduğu hörmət və nüfuzun daha bir göstəricisi kimi dəyərləndirdi. Cənab Prezidentin çıxışında toxunduğu məsələlərdən biri də COP29 iqlim konfransı ilə bağlı səsləndirdiyi fikirlər oldu. Prezident qeyd etdi ki, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirilməlidir. Dövlət başçımız çıxışında həmçinin II Dünya Müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının verdiyi töhfələrdən də bəhs edərək, dünya xalqlarını birliyə, və sülhə çağırdı.
Nəriman Məcidov;
Neftçala rayonu, müəllim