XXI əsr Türk əsridir - RƏY

XXI əsr Türk əsridir

Cari ilin 6 iyul tarixi əzəli və əbədi Şuşa şəhərimiz Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etməyi ilə yadda qaldı.  Hər birimiz yaxşı bilirik ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Azərbaycanın təşəbbüsüdür.

Dost və qardaş ölkələrin liderlərini böyük səmimiyyətlə qarşılayan Ölkə başçısı cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında mühüm məsələlərə toxunmaqla yanaşı Türk dövlətlərinin birliyinin daha da qüvvətlənməsi istiqamətində bundan sonra da ardıcıl addımların atılmasının vacibliyini vurğuladı.

Ölkə başçısı diqqətə çatdırdı ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.

Türk dünyasının birləşməsinə gəlincə Ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Bəli, cənab İlham Əliyevin söylədiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Bildiyimiz kimi bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistanın işğal dövründə bu ərazilərdə törətdikləri vəhşilikləri bizlərlə yanaşı dünya ictimaiyyəti hələ dörd il əvvəl gördü. Hərçənd ki, bu işə məsul olan dövlətlər ötən otuz il ərzində baş verənlərə səssiz qalmağa üstünlük verdilər. Azərbaycanın ikili standartlarla üz-üzə qaldığını bizlər işğaldan azad edilmiş ərazilərin timsalında aydın görə bilərik. Görüş zamanı yeni əməkdaşlıq perspektivlərindən danışan cənab İlham Əliyev Türk dövlətlərinin enerji sahəsində strateji tərəfdaşlığının, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığının çox əhəmiyyətli olduğuna diqqət çəkdi. İnanırıq ki, Zirvə görüşü zamanı imzalanmış Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir. 

Hüsniyyə Ələkbərova;
Neftçala rayon ziyalısı