“Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb
“Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri məlum olub.
Bu barədə İqtisadiyyat.az “Azəristiliktəchizat”ın ötən ilin dekabrın 31-nə mühasibat balansına istinadən material hazırlayıb.
Hesabata əsasən, qurumun yığılmış zərəri 133 milyon 34 min manat olub ki, bu da illik müqayisədə 5,37 faiz çoxdur.
Belə ki, şirkət 2024-cü ili 6 milyon 785 min manat zərərlə başa vurub.
Bu ilin yanvar ayının 1-nə “Azəristiliktəchizat”ın cəmi aktivləri 149 milyon 364 min manat, cəmi öhdəlikləri 84 milyon 178 min manat, cəmi kapitalı isə 65 milyon 186 min manat təşkil edib.
Qeyd edək ki, Azəristiliktəchizat ASC istilik təchizatı sahəsində mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir.
Onun nizamnamə kapitalı 136,685 milyon manat təşkil edir. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.

