Balıqçılarla maarifləndirici görüşlər keçirilib
Xəzər dənizi akvatoriyasında 2026-cı il 1 may tarixindən balıq ovuna mövsümi qadağa tətbiq ediləcək. Bununla əlaqədar 2026-ci il 22–27 aprel tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları tərəfindən müxtəlif bölgələrdə balıqçılarla maarifləndirici görüşlər keçirilib.
Görüşlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin sahil nəzarəti bölmələri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin regional şöbələri ilə birgə Bakı, Sumqayıt, Lənkəran, Astara, Siyəzən, Abşeron, Qaradağ və Neftçala rayonlarında keçirilib.
Görüşlər zamanı sənaye və həvəskar balıq ovu ilə məşğul olan balıqçılara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın tələbləri izah edilib, su bioresurslarının mühafizəsi ilə bağlı ətraflı söhbətlər aparılıb. Balıqçılara 2026-cı il 1 may tarixindən qüvvəyə minəcək balıq ovuna tətbiq edilən mövsümi qadağa barədə geniş məlumat verilib.
Vurğulanıb ki, qadağa müddətində qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət tədbirləri mütəmadi davam etdiriləcəkdir.
İctimaiyyətə bir daha xatırladırıq ki, mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır və bu qaydaları pozan şəxslər barəsində qanuni tədbirlər görüləcəkdir.


