Beynəlxalq elmi konfrans keçirilib

Beynəlxalq elmi konfrans keçirilib

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı, neftçalalı alimlərin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “AZLİNG 2023-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.

Neftçala rayon Heydər Əliyev Mərkəzində baş tutan konfransda respublikanın tanınmış dilçi alimləri ilə yanaşı Türkiyə, Çin, İngiltərə kimi xarici ölkələrdən olan alimlər və gənc tədqiqatçılar iştirak ediblər.

Konfransı açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova qeyd edib ki, bugünkü konfrans çox vacib bir mövzuya həsr olunub və qloballaşan dünyamızda doğma dilimizin qorunub saxlanması qarşıda dayanan ən vacib vəzifələrdən biridir.

Beynəlxalq tədbirdə iştirak edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Regional İnkişaf İctimai Birliyinin əməkdaşı Gülbağda Leysanova çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin ana dilimizin inkişafı və qorunması ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin əhəmiyyətindən danışıblar.

Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova ötənilki konfransın materialları əsasında nəşr olunan linqvistik toplunun təqdimatını edib, kitabın uğurlu elmi araşdırmaların davamı kimi Azərbaycan dilçiliyinə dəyərli töhfə olduğunu vurğulayıb.

Tədbir Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etdirilib. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinə təsiri, Azərbaycan dilçiliyinin son nailiyyətləri, dilimizin saflığının qorunması yönündə həyata keçirilən islahatlar, tərcüməşünaslığın aktual problemləri haqqında fikirlərini bölüşüblər.

Konfransın panel iclaslarında Azərbaycanın müxtəlif ali təhsil və elm ocaqlarını, eləcə də dünyanın müxtəlif universitetlərini təmsil edən 85 alim aktual dilçilik mövzuları ilə bağlı ən son tədqiqatlarını təqdim ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının tərtib olunması və növbəti ildə “AZLİNG 2024” konfransının keçirilməsi qərara alınıb.