Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçiriləcək - TƏDBİRLƏR VƏ PROQRAM
5-8 may tarixlərində Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.
Regionun kənd təsərrüfatı və qida sənayesi üzrə ən böyük sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir. Bu illər ərzində sərgilər etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində layiqli yerini tutmuşdur.
Sərgilərdə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən daim xüsusi diqqət yetirilir. “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgilərə təşkilati dəstək göstərir. Nazirlik həmçinin sərgilərdə öz stendi ilə iştirak edərək aqrar sektorun inkişafına yönəlmiş layihələr, innovativ yanaşmalar və dövlət dəstəyi mexanizmləri barədə ziyarətçilərə geniş məlumat təqdim edir.
Eyni zamanda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.
“Caspian Agro Week” sərgisinin qızıl sponsoru “Lovol” şirkətidir. Sərginin rəsmi avtomobil sponsoru isə “Imotors” şirkətidir.
Bu il sərgilər bir sıra yeniliklərlə yadda qalacaq. Daha öncə “Caspian Agro” adı ilə tanınan sərgi 2026-cı ildən etibarən yeni brend - “Caspian Agro Week” adı ilə təşkil edilərək, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu kimi təqdim olunur. Yenilənmiş və genişlənmiş konsepsiyanın sərgiyə yeni təkan verəcəyi, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacağı gözlənilir.
İndiyədək sərgilərdə iştirakını dünyanın 45 ölkəsindən 447 şirkət təsdiq etmişdir. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxstan, Rusiya Federasiyası, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.
Eyni zamanda sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər. AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edəcək və bu stenddə aşağıdakı ölkələrdən olan şirkətlər təmsil olunacaq: Benin Respublikası, Cənubi Sudan Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, Fil Dişi Sahili Respublikası, Kamerun Respublikası, Nigeriya Federativ Respublikası, Qana Respublikası, Seneqal Respublikası, Somali Federativ Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Zambiya Respublikası. Qeyd etmək lazımdır ki, AFAZ və Braziliya bu sərgilərə ilk dəfə qatılır.
Sərgilərdə tətbiq olunan yeniliklərdən biri də odur ki, 2026-cı ildə “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda cəmləşəcək. Beləliklə, qida sənayesini təmsil edən bütün yerli və xarici şirkətlər öz məhsullarını məhz bu pavilyonda ziyarətçilərə təqdim edəcəklər. Bu yanaşma ziyarətçilərin sərgi daxilində vaxtına qənaət etməsinə və qida sektoruna aid bütün yenilikləri vahid bir məkanda, daha rahat şəkildə izləməsinə imkan yaradır.
Qeyd etmək lazımdır ki, bu sərgilər Bakı Ekspo Mərkəzinin həm qapalı pavilyonlarında, həm də açıq hava sahəsində təşkil olunur. Xüsusilə açıq sahədə kənd təsərrüfatı üçün nəzərdə tutulan irihəcmli texnika və ən müasir aqrar məhsulların geniş ekspozisiyası nümayiş olunacaq. Burada ziyarətçilər aqrar sektorun ən son texnoloji nailiyyətləri və avadanlıqları ilə yaxından tanış ola biləcəklər.
Xarici ölkə nümayəndələri və yerli şirkətlərlə yanaşı, bu il sərgidə Azərbaycanın bölgələri də aktiv şəkildə təmsil olunacaq. Ziyarətçilər sərgilər çərçivəsində bölgələrin aqrar və qida sahəsindəki imkanları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla, “Caspian Agro Week” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyanı bir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradır.
Eyni zamanda sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alır.
“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.
Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi bu il də “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər. Bu, qlobal kənd təsərrüfatı və qida sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir.
İlk dəfə olaraq “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri zamanı “Hosted Buyer” (Alıcı Missiyası) proqramı təşkil olunacaq. Bu proqram sərgiyə qatılan ziyarətçi-alıcılar üçün maksimum effektiv və rahat iş şəraitinin yaradılması məqsədilə həyata keçirilir. “Hosted Buyer” çərçivəsində sərgilərə Rusiyanın “Lenta”, “Samokat”, “Fresh market” hipermarketləri və digər şirkətlər qatılacaq.
“Caspian Agro Week” və “InterFood Azerbaijan”ın tədbirlər proqramı
“Caspian Agro Week” və “InterFood Azerbaijan” çərçivəsində 4 gün ərzində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunacaq. Proqrama beynəlxalq forumlar, panel müzakirələr, sahə üzrə təqdimatlar və master-klasslar, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.
Sərgilərin təqdimat zonasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bir sıra forumlar keçiriləcəkdir: 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, Risklərə Qarşı Aqrar Sığortanın Gücü Forumu, Dövlət–özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu, "AGROSCIENCE" Forumu. Daha bir tədbir isə sərgilər çərçivəsində “Baku Marriott Hotel Boulevard” hotelində baş tutacaq 5-ci Aqrobiznesin İnkişafı Forumudur.
Bakı Ekspo Mərkəzin təqdimat zonasında sərgi günlərində “Food & Agro Talks” adlı sahə üzrə təqdimatlar və master-klasslar təşkil ediləcəkdir. Burada aqrar və qida sənayesinin aparıcı mütəxəssisləri, istehsalçılar və sahə nümayəndələri aktual mövzular ətrafında çıxışlar edəcək, real təcrübə və biliklərini bölüşəcəklər. “Food & Agro Talks” çərçivəsində “Azərbaycanda aqrobiznesin inkişafı və dəstək proqramları: kiçik təsərrüfatlardan böyük aqrokorporasiyalara qədər”, “Fermalar və su: Davamlı su təchizatı və effektivlik”, “Azərbaycanın qida sənayesində tendensiyalar və innovasiyalar”, “Fermerlər üçün maliyyə həlləri”, “Ekoloji yönümlü kənd təsərrüfatı və qida təhlükəsizliyi: müasir yanaşmalar və həllər” adlı panel sessiyaları və "CEO kimi düşün" interaktiv keys sessiyası keçiriləcək.
Sərgilər çərçivəsində həmçinin “WomenSpace: Qida, ünsiyyət, mentorluq” adlı tədbir və Şokolad art-instalyasiyaları sərgisi təşkil ediləcək.
“InterFood Azerbaijan” sərgisi çərçivəsində iştirakçılar və dəvət olunmuş şirkətlər üçün “Retail Center – Ticarət şəbəkələrinin görüş mərkəzi” fəaliyyət göstərəcək. Sərginin 2-ci günü çalışacaq bu mərkəzdə qida sənayesi istehsalçıları və iri pərakəndə ticarət şəbəkələrinin nümayəndələri arasında məqsədyönlü işgüzar görüşlər təşkil olunacaq. Bu platforma iştirakçılara məhsullarını birbaşa potensial alıcılara təqdim etmək, yeni satış kanalları qurmaq və əməkdaşlıq imkanlarını genişləndirmək imkanı yaradacaq.
“InterFood Azerbaijan” sərgisinin artıq uzun illərdir ki, ayrılmaz hissəsi olan ənənəvi "Qızıl Şah 2026" Beynəlxalq Kulinariya Çempionatı bu il də ziyarətçilərin diqqət mərkəzində olacaq. Sayca 6-cı olan çempionatın təşkilatçısı Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasıdır. “Qızıl Şah” Çempionatı Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi (“Worldchefs”) tərəfindən lisenziyalaşdırılmış tədbirdir və beynəlxalq norma və qaydalara uyğun keçirilir. Çempionatın münsiflər heyəti 18 ölkədən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin lisenziyalı aşbaz-hakimlərindən ibarətdir. Çempionatda 11 ölkədən olan 22 komanda müxtəlif kateqoriyalar üzrə birincilik uğrunda mübarizə aparacaqlar. Qeyd etmək lazımdır ki, iştirakçılardan 73-ü xarici ölkələrdən qatılan aşbazlardır. Bununla yanaşı, 160 aşbaz çempionata fərdi iştirakçı kimi qatılacaq.
Hər il təşkilatçılar Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün sərgiyə turlar təşkil edirlər. Bu il 51 bölgədən 500-dən çox fermer sərgidə iştirak edəcək. Sərgilər çərçivəsində fermerlər ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcəklər. Fermerlərin sərgiyə turlarının nəticəsi olaraq, təcrübə mübadiləsi təşviq edilir, bu da öz növbəsində istehsalın keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edir.
Sərgilər çərçivəsində təşkil edilən ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edirlər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edirlər.
“Caspian Agro Week” və “InterFood Azerbaijan” kənd təsərrüfatı və qida sənayesi sahələrində ən vacib platformalardan biri olaraq, regionun əsas istehsalçı və distribütorları ilə birbaşa əlaqə qurmaq fürsəti yaradır, şirkətlər məhsul və xidmətlərini potensial müştərilərə və tərəfdaşlara nümayiş etdirmək şansı əldə edir, həmçinin ziyarətçilər müvafiq sənaye sahələrində olan ən son texnologiyalar və trendlərlə tanış olmaq imkanı qazanırlar.
“Caspian Agro Week”, “InterFood Azerbaijan” və “Horeca Caspian” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.
Sərgilərin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. Rəsmi hotel tərəfdaşı “Absheron Hotel Group”, rəsmi mebel tərəfdaşı “Accurate MMC” və rəsmi “outdoor” reklam tərəfdaşı isə“Bilbord.al” şirkətidir.
“Caspian Agro Week” və “InterFood Azerbaijan” haqqında ətraflı və daim yenilənən məlumatları www.caspianagroweek.az və www.interfood.az rəsmi internet səhifələrindən, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.


