Çin ABŞ-ni süni intellekt sahəsində sərt cavab verməklə hədələdi

Çin ABŞ-ni süni intellekt sahəsində sərt cavab verməklə hədələdi

Çinin Ticarət Nazirliyi ABŞ-ni süni intellekt sahəsində hegemonluqda ittiham edib və Çin şirkətlərinə qarşı sanksiya təhdidlərindən sonra cavab tədbirləri ilə hədələyib.

Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

"Çinin maraqlarına əhəmiyyətli zərər vuran istənilən hərəkətə cavab olaraq, Pekin öz qanuni hüquq və mənafelərini qətiyyətlə qorumaq üçün bütün zəruri tədbirləri görəcək", - deyə nazirlikdən bildirilib.

Son zamanlar mübahisə az tanınan "Moonshot AI" startapı tərəfindən hazırlanmış ən yeni Çin süni intellekt modeli ətrafında yaranıb. Buraxılışdan cəmi iki gün sonra şirkət yeni abunəliklərin qəbulunu dayandırıb, çünki tələbatın kəskin artması onun hesablama güclərini həddindən artıq yükləyib.

"Kimi K3" modelinin buraxılmasından sonra ABŞ hökuməti və "Anthropic" şirkəti "Moonshot"u ABŞ modellərinin "distilləsi" üsulundan - bir süni intellekt modelinin digərinin iş nəticələri əsasında öyrədildiyi texnologiyadan istifadə etməkdə ittiham ediblər.

Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsios bəyan edib ki, "Moonshot AI" özünün K3 modelini hazırlamaq üçün "Anthropic"in "Fable" modelinin distilləsindən istifadə edib.

Fevral ayında "Anthropic" şirkəti "Moonshot" tərəfindən "Claude" modelləri ilə məntiqi təfəkkür, kod yazılması, məlumatların təhlili də daxil olmaqla 3.4 milyondan çox qarşılıqlı əlaqə faktı aşkar etdiyini bildirib. "Moonshot" ittihamları rədd edib. Çin startapı "Kimi K3" dil modelinin yüksək göstəricilərini bazanın orijinal arxitekturasındakı dəyişikliklərlə izah edib.