Nazir bölgələrdəki mədəniyyət müəssisələrinə yeni strategiyanın formalaşdırılması ilə bağlı tapşırıqlar verib
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə regionlardakı teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.
Nazirlikdən BusinessTime-a verilən məlumata görə, müşavirədə nazirliyin məsul əməkdaşları, regional mədəniyyət idarələrinin rəisləri, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Qazax, Şəki, Ağdam, Füzuli, Qax, Qusar və Salyandan teatr və konsert müəssisələrinin rəhbərləri iştirak ediblər.
Qeyd edilib ki, teatr-tamaşa müəssisələrində yaradıcılıq potensialının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Repertuar tərtib edilərkən nazirlik tərəfindən yaradılmış “Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası”nın rəyləri nəzərə alınmalıdır.
Bildirilib ki, teatrlarda Bədii şuraların aktiv fəaliyyəti təmin olunmalı, marketinq və teatr-sponsor strategiyasının formalaşdırılması, rəhbərlər üçün treninqlərin keçirilməsi, dramaturqlarla əlaqələrin qurulması diqqətdə saxlanılmalıdır. Regionlarda teatr sahəsində kadr problemini aradan qaldırmaq məqsədilə bir sıra dövlət teatrlarının nəzdində yaradılmış teatr-studiyalarının fəaliyyətinə yenidən baxılmalıdır.
Vurğulanıb ki, konsert müəssisələrində illik abonement konsertlərin hazırlanmasına diqqət artırılmalı, musiqi axşamları barədə məlumat əvvəlcədən ictimaiyyətə elan edilməlidir. Vətəndaşların, xüsusilə də, həssas qrupların teatr və konsert müəssisələrinin xidmətlərindən lazımi şəkildə istifadəsi məqsədilə inklüziv layihələr də həyata keçirilməlidir.
Həmçinin paytaxtda fəaliyyət göstərən dövlət teatrlarının və konsert müəssisələri kollektivlərinin bölgələrə qastrol səfərləri təşkil olunmalı, onlar da region sakinlərinin mədəni istirahətinə öz töhfələrini verməlidirlər.
Qeyd edilib ki, bütün müəssisələrdə yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmalı, bununla bağlı əməkdaşlar davamlı şəkildə təlimatlandırılmalıdır.