Dünyaya verilən növbəti mesaj!
Azərbaycan tarixində elə günlər vardır ki, bizlər həmin tarixləri böyük qürur və şərəf hissi ilə qeyd edirik. Lakin, əminliklə deyə bilərik ki, çoxəsrlik tariximizin son dörd ilində baş vermiş hadisələr öz möhtəşəmliyi ilə əvvəlkilərdən çox fərqlənir.
Məhz bu illər ərzində Müzəffər Ali Baş Komandan adını qazanmış cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü mükəmməl daxili və xarici siyasət nəticəsində Azərbaycan müstəqil siyasət yürüdən, 30 il ərzində işğalda qalmış iyirmi faizə qədər ərazilərini azad edən, iqtisadi cəhətdən inkişaf edən, regional gücə, eləcə də dünyada etibarlı tərəfdaşa çevrilən ölkəyə çevrilib.
Dörd il öncə, 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsi nəticəsində qüdrətli Ordumuz işğal altında qalmış torpaqlarımızın böyük əksəriyyətini düşmən tapdağından azad etdi. xilas edə bildi. Ermənistan döyüş meydanında diz çökdürülərək, ağ bayraq qaldırmağa məcbur edildi. Məhz həmin vaxt düşmən və onun havadarları ölkəmizin qüdrətinin şahidi oldular. Ancaq həmin vaxt hər birimiz gözəl bilirdik ki, tarixi missiya böyük ölçüdə yerinə yetirilsə də, həll edilməli daha bir məsələ var.
Belə ki, Xankəndi şəhəri daxil olmaqla bir sıra ərazilərimizdə erməni separatçılarının qalması cənab İlham Əliyevin liderliyi ilə xalqımızın və ordumuzun planlarına daxil deyildi. Ağ bayraq qaldıran, məğlubiyyətini kapitulyasiya aktına imza ataraq etiraf edən düşmən ötən müddət ərzində düşdüyü vəziyyətə uyğun davranış nümayiş etdirmədi. Separatçıları silahlandırmağa cəhd etməsi, hətta bunu saymazyana şəkildə etməsi rəsmi İrəvanın növbəti tarixi səhvi idi. Azərbaycan isə əvvəlki dövrlərdə olduğu kimi bu məsələdə də, həm qarşı tərəfdən, həm də aidiyyəti beynəlxalq təşkilatlardan həssaslıq və anlayış gözlədi. Lakin eyni həssaslığı, anyaşı görməyincə növbəti dəfə beynəlxalq hüququn verdiyi imkandan istifadə etməyə məcbur oldu. Nəticə etibarilə ötən ilin 19-20 sentyabr tarixlərində Şanlı Azərbaycan Ordusu 24 saatdan da az müddətdə həyata keçirdiyi antiterror əməliyyatları ilə bütün ölkə ərazisində Dövlətimizin suverenliyini təmin etdi. Bu əməliyyat ilə Ordumuz hərb elminə növbəti töhfəsini verdi.
Məhz bu tarixi hadisə ilə bir vaxtlar özünü dünyaya sırımaq istəyən qondarma bir qurumun da fəaliyyətinə birdəfəlik son qoyuldu. Artıq işğaldan azad edilmiş bütün ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Doğma Qarabağımızın hər yerində bayram ab-havası yaşanır. Ölkə başçısı cənab İlham Əliyev artıq dördüncü ildir ki, Novruz tonqalını işğaldan azad edilmiş şəhər və qəsəbələrimizdə yandırır. Bu il də əvvəllkilərdən fərqlənmədi. Şuşa şəhəri ilə qoyulmuş adət bu il Xankəndi şəhəri ilə davam etdirildi. Ali Baş Komandan möhtəşəm bayram tonqalını Xankəndidə alovlandırmaqla dünyaya növbəti mesajını verdi. İnanırıq ki, Azərbaycanın sülh çağırışını rəsmi İrəvandan daha çox ermənistanlı olmağa çalışan bəzi beynəlxalq dairələr nəhayət ki, qəbul edəcək, yerləşdiyimiz regiona davamlı, möhkəm sülhün gəlməsinə mane olmayacaqlar.
Əliheydər Qarayev;
Neftçala rayonu