“Qələbədən Qələbəyə köklənən Azərbaycan”

“Qələbədən Qələbəyə köklənən Azərbaycan”

Müasir Azərbaycan bu gün uğurlara, qələbəyə köklənmiş vətənpərvər gəncləri ilə seçilir. Ölkəmiz inkişaf etdikcə, qüdrətləndikcə güclü mənəvi xüsusiyyətə malik gənc nəsil yetişir, Azərbaycanımızı daha böyük uğurlara doğru istiqamətləndirir. Əldə olunan uğurlar isə ölkəmizin beynəlxalq aləmdə tanınmasına, onun nüfuzunun daha da  artmasına gətirib çıxarır. Bəli, hər bir Azərbaycan vətəndaşı öz əməyi, öz uğurlu fəaliyyəti ilə ölkəmizi tanıdır, gücləndirir. İdman aləmi də belə gərəkli fəaliyyətlərdən biridir.

Çünki, qazanılan hər bir qələbə, əldə olunan hər bir uğur, idman  arenasında olsa belə ölkəmizin tanınması və ucalığı, himnimizin qürurla səslənməsi, ən vacibi isə bayrağımızın qürurla yüksəklərdə dalğalanması deməkdir. İdmançılarımızın hər bir zəfəri isə bütün azərbaycanlılarda, harada yaşamalarından, idmanı sevib-sevməmələrindən  asılı olmayaraq, hər bir kəsdə vətənpərlik hissinin coşmasına, daha da artmasına, birlik və həmrəyliyin daha da güclənməsinə səbəb olur. Kökü min illərə dayanan Azərbaycan xalqı gücü və qüdrəti ilə seçilən xalqdır. Və bu qədim xalq, idman sahəsi ilə bərabər, hərb meydanında da öz qələbə əzmini, öz döyüş ruhunu, bütün dünyaya sübut etdi. Bəli, bu ruh bizim xalq, millət olaraq, içimizdə, ruhumuzda, damarlarımızda dolaşan qanımızdadır. Bu, həm də ruhumuzu saran ölçüyəgəlməz vətənsevərlik  coşqusu, yurd, torpaq eşqindən doğan vətənpərvərlik duyğusu, yüksək insani keyfiyyətlərə dayanan, yalnız türk  qanına xas qeyrət, namus hissidir ki, 44 günlük Vətən Müharibəsində müqəddəs şəhidlərimiz, qazilərimiz, hünərvər oğullarımız öz qəhrəmanlıqları və rəşadətləri ilə millətimizin adını yüksəltdilər, tariximizin qəhrəmanlıq səhifəsini öz imzaları ilə yenilədilər.

Tarix sübut edir ki, azərbaycanlıların  döyüş ruhu nə qədər yüksəkdirsə, mərhəmət və humanistliyi  də xalq olaraq, bir o qədər güclüdür. Bunu,  bütün dünya, rəhbər-xalq-ordu birliyinin təcəsümü, tarixi-hərbi Zəfərimizdə də bir daha gördü, şahidi oldu. Belə ki, Ordumuz nə qədər güclü, qüdrətli olsa da, düşmən ölkədən fərqli olaraq, dinc əhalini heç vaxt hədəf almamış, əksinə ona silah tuşlayanlara belə mümkün olduğu qədər humanistcəsinə  yanaşmışdır. Bu amillər əlbəttə ki, idman yarışlarında da  özünü göstərir. Belə ki, beynəlxalq idman yarışlarında, arenalarda, qazanılan idman qələbələrində və nailiyyətlərimizdə dünya ölkələri idmançılarımızın hər zaman öz rəqiblərinə qarşı münasibətdə hörmət və ləyaqət  nümayiş etdirdiyinin şahidi olurlar. Əlbəttə  ki, möhtərəm Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi, “Qələbədən daha vacıb ləyaqətdir”. Bəli, həm ləyaqət hissini daşımaq, həm də önəmli olan qələbəni əldə etmək idmançılarımız üçün çətin və son dərəcə qürurvericidir.  

Onlar bu böyük  məsuliyyəti öz çıyinlərində daşıyır, onlara göstərilən etmadı  doğrultmağa çalışaraq,  bayrağımızı zirvələrdə dalğalandırırlar. Bəli, idman bir siyasətdir deyirlər, çünki, beynəlxalq idman yarışlarında qalib idmançının öz ölkəsinin himnini səsləndirməsi, bayrağını yüksəltməsi,  onu izləyən dünya ictimaiyyəti qarşısında ölkəsini tanıtması, təqdim etməsi deməkdir. 2003-cü ildən bəri, Azərbaycanda, dövlət proqramı çərçivəsində  paytaxt və bölgələrdə  idmanın genişləndirilməsi və inkişafına, bu sahə üzrə yüksək infrastrukturun yaradılmasına başlanılmışdır. Ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyev, hər zaman, bu sahəyə böyük diqqət göstərmiş, idmançılarımıza qayğı ilə yanaşmışdır. Artıq tam əminliklə demək olar ki,  böyük səylə görülən işlər bir neçə ildir ki, öz bəhrəsini verməkdədir. Və tam məsuliyyətlə demək olar ki, Azərbaycan bu gün dünyanın aparıcı idman ölkələrindən birinə çevrilmişdir. Ölkə başçısı möhtərəm İlham Əliyevinaprelin 8-də Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən “Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır” fikirləri hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi oyadır.

Cəmi 44 gün ərzində Zəfər qazanmış, böyük tarixi Qələbə əldə etmiş xalqı təmsil edən idmançılarımız,  müzəffər ölkənin nümayəndəsi kimi yarışlarda məsuliyyətli olmaqla yanaşı, son dərəcə qürur və fəxarətlə çıxış edirlər. Müzəffər ordumuz Qələbə çalaraq, Vətən tarixini yazdı, idmançılarımız isə Qalib ölkənin Zəfər bayrağını, dünya miqyasında yüksəldərək, millətimizin və dövlətimizin şanını ucaltmağa çalışırlar. 

Nəzakət Məmmədova
Neftçala rayon sakini, ictimai fəal