Duyğular, onların ifadəsi - xəstələnməmək öz əlinizdədir...

Duyğular, onların ifadəsi -
İnsan beynində duyğularımıza və emosiyalarımıza cavabdeh olan, onları idarə edən təxminən ölçüsü 1,24 - 1,63 cm³ olan bir bölgə var. Adı Amigdaladır.

Düşündüyünüzdən də önəmli bir hissədir. Elmi təhlillərini araşdırırdım…

Bəzən zamanla insanın duyğusuzlaşmasının səbəbi Amigdalanın funksional aktivliyinin ciddi azalmasıdır. Qəribəsi odur ki, insanın həyatı boyu yaşadığı təcrübələr bu regionun fəaliyyətinə patoloji aktivlik və ya passivlik gətirə bilər. Xüsusi diqqət olunmalı isə odur ki, insanın yaşadığı cəmiyyətlərin də beynin bu hissəsinin aktivliyində ciddi rolu var. Yəni, yaşadığınız cəmiyyət sizi hissiyyatsız bir şəxs və ya daha da emosional bir insan edə bilər. Qəribəsi odur ki, insan yaşadığı cəmiyyəti dəyişəndə yuxarıda qeyd etdiklərim yerini dəyişə də bilər, yəni emosional bir şəxs tamamən hissiyyatsız bir insana çevrilə bilər. Təhlükəlisi odur ki, beyinə şok effekti verəcək bu duyğusal “çöküş” (və ya “partlayış”) insanı psixoloji xəstə edir…
Daha bir maraqlı faktı da qeyd edim. Elmlə sübut olunub ki, bir insanı qucaqlayıb bağrınıza basarkən Amigdalanın patoloji aktivliyini azaltmaq mümkün olur. Yəni insana yardım etmiş olursunuz və ya güvəndiyiniz insanlarla, dostlarla görüşəndə funksiyasını itirmiş Amigdalada pozitiv aktivlik yaranır, insan duyğuları canlanır…

Sonda…

Oxuduğum son bir araşdırmanın yekunundan çıxan nəticə budur ki, duyğularımız təkcə beyinə aid deyil; yəni duyğularımızı təkcə özümüzdə, beynimizdə saxlamağımız deyil, həm də ifadə etməyimiz vacibdir. Yoxsa hansısa zamanda xəstələnməyimiz ehtimalı çox yüksəkdir.

Odur ki, sevincinizi, qayğılarınızı, qorxularınızı bir-birinizlə bölüşəcək, o cümlədən qucaqlaşa biləcəyiniz dostlarınızın olması və yuxarıda qeyd etdiyim bir neçə məqamın doğru seçilməyi sağlamlığınız üçün də çox vacibdir!

510 milyon kvadrat km-lik yer kürəsində bu seçimləri doğru etməyiniz və 1,24 - 1,63 cm³-lik Amigdalanı sağlam saxlaya bilməyiniz sizləri həm güclü, həm də xoşbəxt edəcək!

Sevgilərlə!

Nuran Abdullayev