“E-Polis” tətbiqinə 8 milyondan artıq müraciət edilib

Bu il Daxili İşlər Nazirliyinin (DİN) “E-Polis” mobil tətbiqi yaradılaraq vətəndaşların istifadəsinə verilib. Tətbiqin əsas məqsədi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması, eləcə də vətəndaşyönümlü xidmətləri təkmilləşdirərək nazirliyin göstərdiyi elektron xidmətləri daha da əlçatan etməkdir.
Hazırda vətəndaşlar polis idarəsinə getmədən “E-Polis” mobil tətbiqində və ya “e-xidmet.mia.gov.az” portalında nazirliyin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlanırlar.
DİN-in mətbuat xidmətindən bildirilib ki, 2024-cü ilin 6 ayında “E-Polis” tətbiqi üzərindən qeydiyyatdan keçmiş ümumi istifadəçi sayı 149 min 322 nəfər təşkil edib. Qeyd edilən dövr ərzində vətəndaşlar tərəfindən “E-Polis” tətbiqinə 8 milyon 40 min 348 müraciət olunub.
İstifadəçilər tərəfindən ünvanlanmış - şəxsin özü haqqında ətraflı məlumat üzrə - 685 min, yeniliklər və xəbərlərlə bağlı – 521 min, etibarnamə üzrə - 371 min, sürücülük vəsiqəsi üzrə - 304 min 600, şəxsiyyət vəsiqəsi üzrə 279 min, pasport məlumatları üzrə - 243 min 497, məhkumluğa dair arayış üzrə ümumi – 10 min 342, avtomobilin yüklü olub-olmamasına dair arayış üzrə 1445, “Virtual-102” bölməsi üzrə 1008, müvəqqəti yerləşmə bölməsi üzrə 616, avtomobilin zədələnməsinə dair arayış üzrə 82 sorğu cavablandırılıb.
Qeyd edək ki, “E-Polis” tətbiqini “App Store” və ya “Google Play”dən yükləmək olar. Mobil tətbiqə daxil olarkən 6 müxtəlif xana açılır. Buraya “İnformativ məlumatlar”, “Cərimələr”, “Sənədlərim”, “Etibarnamələr”, “Yeni müraciətlər” və “Digər” bölməsi daxildir. Burada informativ məlumatlar əldə etmək, sənədləri nəzərdən keçirmək və cərimələri onlayn qaydada ödəmək mümkündür.