Laçında hərbçilər qəzaya düşdülər

Laçında hərbçilər qəzaya düşdülər

“Laçında hərbçilərin olduğu avtomobilin qəzaya uğraması ilə bağlı daxil olan məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib”.

Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

F.Əliyev bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

17:35

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində ölən hərbçilərimizin adları açıqlanıb.

Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar.

“Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir”, - qurumdan qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.