Əmək təhlükəsizliyi və sığorta mexanizmləri müzakirə edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX), Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosu (İSB) arasında yaradılmış işçi qrupunun onlayn iclası keçirilib.
Görüşdə əmək münasibətlərində təhlükəsizlik, istehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması və icbari sığorta mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
İclasın gündəliyində yüksək risk qruplarına daxil olan işçilərin, işəgötürənlərin və sığorta şirkətlərinin maarifləndirilməsi, əməyin mühafizəsi üzrə risklərin minimallaşdırılması məqsədilə süni intellekt əsasında idarə olunan tətbiqlərin və digər fərdi mühafizə vasitələrinin tətbiqi və maarifləndirilmənin həyata keçirilməsi, həmçinin müvafiq mövzular üzrə Tədbirlər Planının hazırlanması əsas müzakirə mövzusu olub. Bununla yanaşı, sığorta ödənişlərinin təkmilləşdirilməsi üzrə qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər nəzərdən keçirilib.
İclasda qeyd olunan istiqamətlərdə beynəlxalq təcrübənin öyrənilməsi də diqqət mərkəzində olub. Nəticədə, müzakirə olunan məsələlərin icrasını və koordinasiyasını təmin etmək üçün birgə fəaliyyətlərin gücləndirilməsi qərara alınıb.

