Ən yeni tariximizin bir parçasıdır Zəfər yolumuz!
Bu günlərdə böyük qürur, coşqu, sevinc hissi ilə qeyd etdiyimiz tarixi Zəfərimiz torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, həm də milli kimliyimizin bərpası, özünə inamımızın qaytarılması idi.
Bəli, ən yeni tariximizin bir parçasıdır Zəfər yolumuz. Bu tarix Ulu Öndər Heydər Əliyev siyasətinin yüksək təntənəsi, müzəffər Azərbaycan ordusunun dillərə dastan igidliyinin nümayişi, şan-şöhrəti, millət olaraq mənliyinin, kimliyinin dünyaya özünü sübutudur.
Tarixi Zəfərin, misli görünməmiş qalibiyyətin isə bir imzası var - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!. Xalqımız vətənin Zəfər tarixini bizə yaşadanları, onun şanlı səhifələrini canları bahasına yazan oğulları heç zaman unutmur, unutmayacaq. Çünki, məhz bu tarixi bəxş edən vətənsevər oğullarımız, onların müqəddəs bilərək canlarından yüksək tutduğu bayraq, vətən sevgisinin böyük gücü ilə Qarabağımızın azadlıq tarixi yazıldı, millətin inamı, adı və şanı yenidən özünə qayıtdı.
Bu gün vətən tarixinə qızıl hərflərlə həkk olunmuş tarixi Zəfərimiz milli birliyimizin təcəssümüdür. Bu şərəfli tarixləri bizlərə bəxş edən, dövlətçiliyimizi yaşatmaq naminə ölümün gözünə dik baxaraq vətənləşən oğullar sayəsində Azərbaycanımız torpaq bütünlüyünü, ərazi suverenliyinin bərpasını təmin etdi.
Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ata vəsiyyəti ilə deyilən bu dəyərli fikirlər artıq reallığa qovuşmuş, Ulu Öndər ideyaları işığında addımladığımız inamlı yolda qazandığımız qələbələr və böyük Zəfərimizdə öz təsdiqini tapmışdır. Uğurla davam edən Ümummilli Lider siyasəti və Ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində vətən tarixinin ildən-ilə artan şanlı səhifələri xalqımızın böyük şövqlə yaşadığı bu dövrü daha da zənginləşdirir. Bu gün Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda, Xocavənddə, uzun illərin nisgilini yaşamış Xocalımızda, həsrətli Ağdərə və Xankəndidə zəfər bayrağımızın ucaldılması Ulu Öndər ideologiyasının və xalqın Müzəffər Lideri cənab İlham Əliyevin timsalında bütün xalqın, bütöv Azərbaycanın qələbəsidir.
Oqtay Əhmədov;
Neftçala rayonu

