Fermerlərə təlim keçirilib

Fermerlərə təlim keçirilib

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi, Dövlət  Aqrar İnkişaf Mərkəzinin və BMT-nin Ərzaq və Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə Samux rayonu Sərkar kəndində “Aqrar informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi layihəsi” çərçivəsində günəbaxan nümayiş sahəsində fermerlərə təlim keçirilib. Tədbirdə Aqrar Təlim Mərkəzinin rəhbəri Azər Sərdarlı çıxış edərək regionlarda təlim mərkəzlərinin təlimçiləri tərəfindən 56 rayonda fermerlərə çoxsaylı təlimlərin keçirilməsi barədə ətraflı məlumat verib.

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov “Aqrar informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi layihəsi”nin əhəmiyyəti barədə ətraflı məlumat verərək, məhsul istehsalının artırılmasında yeni innovativ texnalogiyaların tətbiqinin vacibliyini iştirakçıların nəzərinə çatdırıb.

Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov fermerlərin  bölgədə günəbaxan bitkisinin əkininə maraqlarının artdığını və bunun da arıçılığın inkişafına müsbət təsir göstərdiyini bildirib. O, həmçinin torpağın gübrəyə olan təlabatının müəyyənləşməsində torpaq  analizinin vacibliyini qeyd edib. Tədbirdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb.