Finteklər nə qədər təhlükəsizdir? - Elvin Abbasov açıqlayır

Finteklər nə qədər təhlükəsizdir?

Son illərdə ölkəmizdə bir çox kiberdələduzluq halları məhz fintek platformalarının biznes boşluqlarından istifadə edərək baş vermişdir. Xüsusilə kommunal, dövlət ödənişləri və cərimə ödənişləri istiqamətində kiberdələduzlar eyniləşdirilmiş saxta ödəniş saytları vasitəsilə vətəndaş məlumatlarını ələ keçirərək istifadəçiləri çaşdırmış və onları qurban halına gətirmişdir. Həmçinin, bank tətbiqləri üzərindən baş verən kiberdələduzluq halları ölkəmizdə günü-gündən artmaqdadır.

Rəqəmsal iqtisadiyyatın alətlərindən biri olan fintek platformaları (tətbiqləri) ənənəvi banklarla müqayisədə bəzi üstünlüklərə malik olsa da, müəyyən risklər də mövcuddur. Maliyyə sektorunda texnoloji tərəqqi sürətlə inkişaf edir və innovativ həllər çoxalır. Onlayn banklar və fintechlər müştərilərə daha sürətli və rahat xidmətlər təklif edir. Mütəmadi olaraq yeni startaplar və bankların yeni rəqəmsal alətləri ilə tanış oluruq.
Finteklərin ənənəvi banklarla müqayisədə əməliyyat xərcləri daha aşağıdır, bu da müştərilərə daha yaxşı faiz dərəcələri və xidmətlər təqdim etməyə imkan verir.

Finteklər biznes proseslərində müştəri məmnuniyyəti əldə etmək üçün maksimal rahatlıq təmin etməyə çalışır, bu da müəyyən risklərin yaranmasına səbəb olur. Yəni onlayn banklar və finteklər ənənəvi banklar qədər təhlükəsizlik və nəzarət mexanizmləri ilə tənzimlənmir, bu da bəzi hallarda müştərilərin vəsaitlərinin təhlükəsizliyini sual altına qoyur. Həmçinin kiberhücumlar və texniki nasazlıqlar bu platformaların fəaliyyətinə mənfi təsir göstərə bilər.

Tövsiyə edirəm ki, xaricdə yerləşən onlayn banklardan və fintechlərdən istifadə edərkən ehtiyatlı və diqqətli olsunlar və müxtəlif platformalar arasında vəsaitlərini bölüşdürsələr, risklərini azaltmış olarlar.

AİKTSA sədri Elvin Abbasov