Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
Yanvarın 18-də Hərbi Prokurorluqda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Kollegiya iclası başlamamışdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.
Baş prokuror Kamran Əliyev çıxış edərək nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin müdrik siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən dövlətimizin başçısının rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə bütün sahələrdə qazanılmış böyük uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edib. Kamran Əliyev milləti və dövləti qarşısındakı misilsiz xidmətləri ilə bütün liderlərdən seçilən Prezident İlham Əliyevin xalqın sonsuz sevgisini qazandığını xüsusi vurğulayıb. Baş prokuror Kamran Əliyev bildirib ki, bu uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolu olub.
Hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini–hərbi prokuror Xanlar Vəliyev əvvəlcə çoxsaylı ciddi qlobal problemlərə, postpandemiya mərhələsi və müharibədən sonrakı dövr olmasına baxmayaraq, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanın sürətli inkişaf strategiyasını müasir müstəvidə uğurla reallaşdıran, xalqına xidmətdə digər liderlərə örnək olan Prezident İlham Əliyevin mükəmməl siyasəti sayəsində 2023-cü il ərzində də ölkəmizin qüdrətlənməsi və əhalinin rifahının yaxşılaşdırılması prosesinin davamlılığının təmin edilməsindən, eləcə də ötən il ölkəmizin əldə etdiyi digər uğurlardan danışıb. O, sentyabrda keçirilən uğurlu lokal antiterror tədbirlərini, ölkə rəhbərinin Xankəndi, Ağdərə, Xocavənd və Xocalıda, Sərsəng su anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaltmasını xüsusi vurğulayıb. Hərbi prokuror qeyd edib ki, Vətənin çiçəklənməsinə birinci xanım Mehriban Əliyevanın zəngin fəaliyyəti xeyli mütərəqqi töhfələr verib. Xanlar Vəliyev, həmçinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq bildirib ki, bununla əlaqədar Hərbi Prokurorluq orqanları tərəfindən böyük qürur və fərəh hissləri ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin yüksəkrütbəli hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumlarının, şəhər və rayonların rəhbər vəzifəli şəxsləri ilə birlikdə 26 tədbir keçirilib. Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də qazilərə və şəhid ailələrinə xüsusi diqqət göstərilib, istər Hərbi Prokurorluqda, istər yerlərdə onlarla görüşlər keçirilərək qayğıları ilə maraqlanılıb.
Vurğulanıb ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.
Bildirilib ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olub. Belə ki, hər il olduğu kimi, 2023-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunub, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar keçirilib. Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilmiş və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub. Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən illə müqayisədə ümumilikdə 6,1 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 24,2 faiz azalıb.
Eyni zamanda, 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 40 faiz, özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9 faiz, əmri icra etməmə cinayətləri 66,7 faiz, hərbi xidmətdən yayınma cinayətləri 33,7 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1 faiz və xuliqanlıq cinayətləri 16,7 faiz azalıb.
Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.
Sonda Xanlar Vəliyev deyib ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.
Sonra məruzə ətrafında hərbi prokurorun müavinləri- Şəfahət İmranov, Fuad Məmmədov, Mehdi Hüseynzadə, Füzuli hərbi prokuroru Elçin Hacıyev və Kəlbəcər hərbi prokuroru Mahir Bayramov hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının Ulu Öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını bildirib.