Gəncəyə "investisiya səyahəti" təşkil olunacaq
Azərbaycan Mərkəzi Bankının İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə həyata keçirdiyi “İnvestisiya səyahəti” layihəsi çərçivəsində mayın 6-da Gəncə şəhərinə səfər təşkil olunacaq.
BusinessTime bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, layihənin məqsədi ölkədə maliyyə savadlılığının artırılması, kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqidir. Səfər çərçivəsində təşkil olunacaq tədbirdə kapital bazarının mütəxəssisləri sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və BFB-də listinqin üstünlüklərini çatdıracaq, investisiya şirkətləri kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparıb, maliyyələşmə imkanlarını dəyərləndirəcək.
Bu, sayca 4-cü belə tədbirdir, bundan əvvəl ötən il oktyabrın 20-də Xaçmaz, dekabrın 3-də Lənkəran, bu il martın 4-də isə Yevlax şəhərlərində "İnvestisiya Səyahəti" tədbirləri keçirilib.