Türkiyənin Mersin şəhərində İNJURİA Hüquq Platforması, Mersin Vəkillər Kollegiyası və Çağ Universitetinin birgə təşkilatçılığı ilə “Ailə Hüququ və Qadın Hüquqlarına Ortaq Baxış” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycan və Türkiyədən vəkillər, hüquqşünaslar, ekspertlər və psixoloqlar ailə, qadın və uşaq hüquqları sahəsində aktual məsələləri müzakirə etmək üçün bir araya gəldilər.
Konfrans çərçivəsində ailə hüququnun tətbiqi, məişət zorakılığı ilə mübarizə, erkən nikahların hüquqi nəticələri, uşaq hüquqlarının müdafiəsi, məhkəmə təcrübəsi və iki ölkə arasında əməkdaşlıq perspektivləri mövzularında panel müzakirələri aparıldı.
Konfransda Azərbaycanı təmsil edən əsas spikerlərdən biri İNCURIA Hüquq Platformasının rəhbəri Kəmalə Məmmədova olub. O, uzun illər məişət zorakılığı qanunvericiliyi, qadın hüquqları, ailə hüququ və uşaq hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti ilə tanınır.
Kəmalə Məmmədova konfrans çərçivəsində 33-cü televiziya kanalına müsahibə verərək ailə hüququ, məişət zorakılığı, qadın və uşaq hüquqlarının qorunması mexanizmləri haqqında geniş məlumat təqdim edib. O, çıxışında xüsusilə Azərbaycanda uşaq hüquqlarının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu, bu sahədə hüquqi mexanizmlərin ildən-ilə təkmilləşdirildiyini vurğulayıb.
Konfransdakı panel müzakirələrində Kəmalə Məmmədova qadın hüquqlarının müdafiəsi, ailə hüququnun tətbiqi, məişət zorakılığı hallarının hüquqi qiymətləndirilməsi və uşaq hüquqlarının qorunması ilə bağlı sualları cavablandırıb, həmçinin Azərbaycan təcrübəsinə dair ətraflı məlumat verib.
Tədbir Azərbaycan və Türkiyənin hüquq ictimaiyyətləri arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması və ailə-qadın-ușaq hüquqları sahəsində ortaq yanaşmaların formalaşdırılması baxımından mühüm platforma kimi dəyərləndirildi.
Sonda konfrans iştirakçıları və spikerlər sertifikatlarla təltif olundu.