Maliyyə texnologiyaları şirkəti 1,85 milyard dollar investisiya alıb
Maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən “Ramp” şirkəti 1,85 milyard dollar investisiya cəlb edib.
2019-cu ildə yaradılan şirkətin bazar dəyəri isə təxminən 60 milyard dollara yüksəlib.
Erik Qlayman, Kərim Atiyə və Cin Li tərəfindən təsis edilən “Ramp” şirkətlərin korporativ xərclərini idarə etməsinə imkan yaradan maliyyə texnologiyaları startapıdır. Şirkət müəssisələrə korporativ kredit kartları təqdim etməklə yanaşı, əməkdaşların xərclərinin izlənilməsini və korporativ büdcələrin idarə olunmasını da asanlaşdırır. Bununla da müəssisələr müxtəlif xərc kateqoriyalarını vahid platforma üzərindən izləyə bilirlər.
“Ramp”ın hazırladığı platforma xərclərin idarə edilməsi ilə yanaşı, ödəniş proseslərinin təşkili və dələduzluq hallarının aşkarlanması üçün də alətlər təqdim edir. Şirkətlər əməkdaşlarının xərclərini izləyə, ödəniş əməliyyatlarını idarə edə və şübhəli tranzaksiyaları müəyyənləşdirmək üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edə bilirlər. “Ramp” bu həllər vasitəsilə müəssisələrin maliyyə proseslərini vahid sistem üzərindən həyata keçirməsini və xərclərinə daha səmərəli nəzarət etməsini hədəfləyir.
Şirkət maliyyə idarəetmə alətlərinə süni intellekt texnologiyalarını da inteqrasiya edir. “Ramp” bəzi tapşırıqları daha az xərc tələb edən süni intellekt modellərinə yönləndirən alət hazırlayıb. Bununla yanaşı, şirkət öz süni intellekt modellərini öyrətmək imkanlarını da nəzərdən keçirir. “Ramp”ın platforması xüsusilə korporativ xərclərini və maliyyə əməliyyatlarını daha səmərəli idarə etmək istəyən müəssisələr üçün həllər təqdim edir.
Xatırladaq ki, “Ramp” ötən ilin iyun ayında 44 milyard dollar bazar dəyəri ilə 750 milyon dollar investisiya cəlb etmişdi. (Valyuta.az)


