Mazda3 yeniləndi – 2 mühərrik seçimi və zəngin təhlükəsizlik təchizatı
Yeni Mazda3 Mazda markasının yeni dizayn və texnologiya fəlsəfəsini özündə birləşdirən modellərdən biri kimi təqdim olunur. Azərbaycanda HB High 1.5AT və HB High 2.0AT versiyalarında təklif edilən model 120 və 150 at gücünə malik mühərriklərlə təchiz olunur və maksimal 213 km/saat sürət yığa bilir.
Yeni Mazda3 həm eksteryer, həm də interyer dizaynında daha yüksək keyfiyyət və texnoloji imkanları ön plana çıxarır. Modelin uzunluğu 4 460 mm, eni 1 795 mm, hündürlüyü 1 435 mm, təkərlərarası bazası 2 725 mm, klirensi isə 150 mm təşkil edir.
HB High 1.5AT versiyası 1 496 kubsantimetr həcmli, 4 silindrli SKYACTIV-G mühərriklə təchiz olunur. Mühərrik 120 at gücü hasil edir və avtomobilin maksimal sürəti 193 km/saatdır. Qarışıq rejimdə yanacaq sərfi 6,0 litr/100 km təşkil edir.
HB High 2.0AT versiyasında isə 1 998 kubsantimetr həcmli SKYACTIV-G mühərrik tətbiq edilir. Bu versiyanın maksimal gücü 150 at gücü, maksimal sürəti isə 213 km/saatdır. Qarışıq rejimdə yanacaq sərfi 6,9 litr/100 km göstərilir.
Hər iki versiyada 6 pilləli SKYACTIV-DRIVE avtomatik transmissiya və SPORT rejimi təqdim olunur.
Təhlükəsizlik sistemləri arasında MRCC radar kruiz-kontrolu, Driver Attention Alert, Blind Spot Monitoring with RCTA, ABS, EBD və DSC yer alır. Avtomobildə həmçinin təhlükəsizlik yastıqları, immobilayzer və mərkəzi kilid sistemi təqdim edilir.
Komfort avadanlıqları sırasında HUD Head-Up Display, Android Auto və Apple CarPlay, qızdırılan ön oturacaqlar, avtomatik kondisioner, yağış və işıq sensorları mövcuddur.
Versiyalar arasında avadanlıq fərqləri də var. 1.5AT versiyasında 8 düymlük rəngli monitor və 8 səsgücləndirici təqdim edilərkən, 2.0AT versiyasında 12 səsgücləndiricili BOSE audio sistemi təklif olunur. Dəri oturacaqlar və yaddaş funksiyalı elektrik tənzimlənən sürücü oturacağı da 2.0AT versiyasında standartdır.
Eksteryer təchizatına LED ön faralar, elektriklə tənzimlənən və qızdırılan yan güzgülər, ön və arxa park sensorları, arxa görüntü kamerası, LED gündüz işıqları və damüstü spoyler daxildir.
Mazda3 1.5AT versiyasında 16 düymlük, 2.0AT versiyasında isə 18 düymlük yüngül lehimli disklərlə təqdim olunur.


