Geely Atlas yeni versiya qazandı: Yeni güc qurğusu və qoşulmuş lidar
"Geely" şirkəti "Boyue L" / "Atlas" krossoverinin yeni hibrid versiyasını bazara çıxarmağa hazırlaşır. Yenilənmiş model, həmçinin damında yerləşdirilmiş lidar da daxil olmaqla, daha təkmilləşdirilmiş sürücü köməkçi sistemləri kompleksi ilə təchiz edilib.
Keçən il Çində yeni eksteryer dizaynına malik "Geely Boyue L" modelinin satışlarına start verilmişdi. Yerli bazarda bu krossover formal olaraq dördüncü nəsil hesab olunsa da, mahiyyətcə dərin restaylinq xarakteri daşıyır. İndiyədək "Boyue L" yalnız 1.5 litrlik (181 a.g.) və 2.0 litrlik (218 a.g.) benzin turbo mühərrikli versiyalarda təklif olunurdu. Tezliklə isə model sırasına brendin xüsusi "i-HEV" sistemi ilə təchiz olunmuş hibrid versiya əlavə olunacaq.
Benzin-elektrik güc qurğusuna malik krossoverin ilk ictimai nümayişi avqust ayında Çenqdu avtosalonunda baş tutub. İstehsalçı artıq yeni modelin rəsmi fotolarını paylaşıb və hibrid krossoverlərin Çindəki diler mərkəzlərinə çatdırılmasına başlanılıb. Xatırladaq ki, Rusiya bazarında restaylinqədənki versiya "Geely Atlas" adı ilə, yeni xarici görünüşə malik model isə "Volga K40" adı altında (yalnız daxili yanma mühərriki ilə) təqdim olunur.


