Məhkəmələrdə bu nöqsanlar aradan qaldırılıb

Məhkəmələrdə bu nöqsanlar aradan qaldırılıb

Məlum olduğu kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır.

Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər.

Lakin əvvəllər məhkəmə-iclas protokollarının tərtibatı və bütün məhkəmələrdə fasiləsiz video-audio yazısının aparılmaması ilə bağlı narazılıqlara tez-tez rast gəlinirdi.

Bəs hazırda vəziyyət necədir? Bu sahədə problemlər aradan qaldırılıbmı?

Mövzu ilə bağlı e-huquq.az-a danışan vəkil İlkin Ukalayev məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılmasının protokolda rast gəlinən çatışmazlıqların aradan qaldırılmasına yardımçı olduğunu deyib.

"Bəzən olur ki, hansısa mühüm məsələlər protokolda qeyd olunmur. Məsələn, şahid ifadə verir, lakin ifadədə dediyi hansısa fikir protokolda yazılmır. Artıq iş gedib yuxarı instansiya məhkəməsinə çıxdıqda protokola istinad edə bilmirsən. Amma hazırda iclas zalında video-audio yazı aparıldığına görə belə çatışmazlıqlar ciddi problem yaratmır. Bilirsən ki, video-audio yazıda hər şey öz əksini tapıb. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. Məhkəmələr tərəfindən bu tələbə riayət olunur", - deyə o qeyd edib.

Vəkil Tural Hüsyenov protokolların tərtib olunmasında irəlİLəyiş olduğunu deyib: "Əvvəllər protokolda hanısa fikir və ya nüans əks olunmadıqda bu, ciddi problemə səbəb olurdu. Amma indi məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aprılması bu problemləri aradan qaldırıb. Nəsə narazılıq, uyğunsuzluq olduqda video-audio yazı ilə tanış olaraq yadınlaşdırmaq mümkündür. Video-audio yazının aparılması tərtib olunan protokolun həqiqliyini mübahisələndirə bilir. Video-audio yazının protokola əlavə olunması işin sonrakı gedişatı, ədalət mühakiməsinin həyata keçirilməsi üçün çox əhəmiyyətlidir. Hazırda nadir hallarda olur ki, video-audio yazı aparılmasın. Bu da obyektiv səbəblərdən baş verir. Çünki müəyyən texniki problemlər olur ki, video-audio yazının aparılmasına mane olur".

Vəkil Nərmin Əliyeva da aparılan islahatlar nəticəsində məhkəmə-iclas protokolları ilə bağlı çatışmazlıqların aradan qalxdığını bildirib: "Bu sahədə xeyli irəliləyiş var. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Ona görə də artıq protokola qeydlər verməyə ehtiyac qalmır. Lakin belə bir problem var ki, video-audio protokolu hər hansı daşıyıcıda əldə etmək istədikdə bizə təqdim olunmur. Və onu da qeyd etməliyəm ki, bəzi məhkəmələrdə texniki problemlər hələ də qalmaqdadır. Elə hallar olur ki, video-audio yazı qoşulmuş olsa da, texniki səbəbdən iclas yazılmır".

Vəkil Anar Süleymanov məhkəmə-iclas protokolları ilə bağlı ciddi çatışmazlıqlarla rastlaşmadığını deyib: "Sadəcə bəzən olur ki, hansısa nüanslar protokolda qeyd olunmur. Biz məhkəmə-iclas protokolları ilə tanış olub, lazımİ qeydlər yaza bilərik. Lakin təəssüf ki, protokol hazır olduqda bizə vaxtında məlumat verilmir ki, tanış olub qeydlərimizi bildirək. Proseslərin video-audio yazısının aparılmasına isə riayət olunur. Az hallarda olur ki, hansısa texniki problemi əsas gətirərək video-audio yazı aparılmır. Amma bununla bağlı problemlə qarşılaşmamışam".

Vəkil Sabir Nəsibov da məhkəmə-iclas protokolları ilə bağlı narazılığının olmadığınI deyib: "Hesab edirəm ki, protokollar lazımi qaydada tərtib olunur, pozuntulara rast gəlməmişəm. Bugünkü vəziyyət şəxsən məni qane edir. Heç bir çatışmazlıq yoxdur, bütün xırdalığına qədər hər şeyi protokola yazırlar. Məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı da aparılır. Bununla bağlı problem yaşamamışam", - deyə o qeyd edib.