Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap

Məhsulu olmadan milyonlarla dollar investisiya alan

Hazır məhsul olmadan investisiya cəlb etmək çətin olsa da, bəzi tanınmış startaplar bunu bacarıb.

Bu barədə investor və sahibkarların təcrübələrinə əsaslanan araşdırmada qeyd olunur.

Siyahıda yer alan startapların əksəriyyəti tanınmış sahibkarlar və ya uğurlu layihələrdən çıxış etmiş (exit etmiş) təsisçilər tərəfindən yaradılıb. Məhz bu amil investorların məhsul olmadan belə onlara etibar etməsinə şərait yaradıb.

Araşdırmada vurğulanır ki, məhsulsuz investisiya cəlb etmək mümkündür, lakin bu, istisna haldır və əksər startaplar üçün real ssenari hesab edilmir.

Siyahıda yer alan bəzi nümunələr:

21 Inc - 2013-cü ildə məhsulu olmadan 5 milyon dollar, 18 ay sonra isə 116 milyon dollar investisiya cəlb edib. Sonradan Earn.com adı ilə fəaliyyətini davam etdirib.

AdKeeper - onlayn reklam platforması istifadəyə verilməzdən əvvəl 43 milyon dollar investisiya alıb. Lakin məhsul bazarda uğur qazanmayıb.

Affirm - "PayPal"ın həmtəsisçisi Maks Levçinin yaratdığı fintex şirkəti məhsulsuz mərhələdə investorların diqqətini çəkib və bu günə qədər ümumilikdə 720 milyon dollar maliyyə cəlb edib.

Airtime - "Napster"in yaradıcıları Sean Parker və Shawn Fanning tərəfindən təsis olunan videoçat platforması istifadəyə verilməzdən əvvəl 33 milyon dollar investisiya alıb.

Airware - korporativ dron analitikası sahəsində fəaliyyət göstərən startap 118 milyon dollar investisiya toplasa da, sonradan fəaliyyətini dayandırıb.

Asana - "Facebook"un həmtəsisçisi Dustin Moskovitz tərəfindən yaradılan şirkət məhsulu olmadan ilk investisiyasını alıb və indiyədək 213 milyon dollar maliyyə cəlb edib.

Beepi - yalnız təqdimat (pitch deck) ilə ilkin investisiya alaraq sonradan ümumilikdə 149 milyon dollar vəsait toplasa da, uğursuz idarəetmə səbəbindən fəaliyyətini dayandırıb.

Araşdırmada qeyd olunur ki, bu nümunələr istisna təşkil edir və investorların əksəriyyəti hələ də bazarda işlək məhsulu və ya ilk istifadəçiləri olan startaplara üstünlük verir. Tanınmış təsisçilər, güclü reputasiya və əvvəlki uğurlar isə məhsul olmadan investisiya cəlb etmə şansını əhəmiyyətli dərəcədə artıran əsas amillər hesab olunur. (Valyuta.az)