Növbəti illərdə bu sahələr üzrə kadrlara ciddi ehtiyac olacaq

Növbəti illərdə bu sahələr üzrə kadrlara ciddi ehtiyac olacaq

Bu gün Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd turizmi tədris edən təhsil müəssisələrini bir yerə toplamaqdır.

Bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, turizm üzrə ixtisaslaşmış təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələri genişlənməlidir ki, gələcəkdə həm tələbə mübadiləsi, həm də birgə proqramların icrası mümkün olsun. Turizm vacib sahələrdən biridir ki, əməkdaşlığın formalaşdırılması və gələcəkdə kadr potensialının artırılması baxımından qurumlar arasında əməkdaşlıq əlaqələrini artırmaq gücünə malikdir. Nəzərə almalıdır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərdə turizm sektoru sürətlə inkişaf edib. Bu baxımdan həmin ölkələrlə turizm əlaqələrinin qurulması və inkişaf etdirilməsi əsas prioritet istiqamətlərindən biri olmalıdır.

“Azərbaycanda həm təbiət, şəhər, həm də tarixi turizm imkanları genişləndirilir. Azərbaycan Turizm Agentliyi tərəfindən ekstremal idman növləri ilə bağlı olan turizm sahələrinin inkişafı və ölkədə konfransların, tədbirlərin keçirilməsi ilə bağlı xüsusi addımlar atılır. Növbəti illərdə bu sahələr üzrə kadrlara ciddi ehtiyac olacaq. Təhsil müəssisələrində də bu istiqamətdə işlərin sürətləndirilməsini gözləyirik”,- deyə Kənan Qasımov bildirib.