"OpenAI" media platforması aldı
OpenAI texnologiya və biznes mövzularına fokuslanan "TBPN" platformasını satın alıb.
Valyuta.az xəbər verir ki, 2024-cü ildə Con Kuqan və Cordi Heys tərəfindən yaradılan "TBPN" qısa müddətdə xüsusilə Silikon Vadisində populyarlıq qazanıb. Platforma gündəlik canlı yayımlar vasitəsilə süni intellekt, startaplar və biznes dünyasındakı yenilikləri müzakirə edir, həmçinin Mark Zukerberq və Satya Nadella kimi tanınmış şəxsləri qonaq qismində qəbul edib.
Satınalma məbləği açıqlanmasa da, platformanın əsasən reklam və sponsorluq üzərindən sürətlə böyüdüyü bildirilir. Məlumata görə, "OpenAI" gələcəkdə bu modeli dəyişərək fərqli yanaşma tətbiq etməyi planlaşdırır.
Şirkət "TBPN"in fəaliyyətini davam etdirəcəyini və məzmun müstəqilliyini qoruyacağını bildirsə də, bu addım "OpenAI"ın süni intellektlə bağlı ictimai narrativi daha birbaşa formalaşdırmaq niyyətindən xəbər verir.
Ekspertlərin fikrincə, bu satınalma süni intellekt sahəsində rəqabətin artıq yalnız texnologiya ilə deyil, həm də ictimai rəy və informasiya axınının idarə olunması ilə müəyyənləşdiyini göstərir.

