Sistemlər eynidir - fərqi yaradan insanlardır

Sistemlər eynidir - fərqi yaradan insanlardır

Bir vaxtlar çalışdığım şirkətdə nəzarətedici dövlət orqanı tərəfindən yoxlama olacağı bildirildi.

Sahədə fəaliyyət göstərən bütün şirkətlər müqavilələri xüsusi sistemə yükləməli idi. Əks halda lisenziya qeyri-müəyyən müddətə dayandırıla bilərdi.

Komanda olaraq 1 ay ərzində prosesi demək olar tamamlamışdıq. Amma bitməsinə 1 gün qalmış sistemdə xəta yarandı və 1 aylıq iş sıfırlandı. Rəhbərlik məni çağırdı və dedi: “Komanda yaratmalı və sabaha qədər bu işi yenidən bitirməliyik.

Bu prosesə sən rəhbərlik edəcəksən.” Üstəlik səhəri gün şirkətin ad günü tədbiri var idi. Bir tərəfdə lisenziyanın itirilməsi riski, digər tərəfdə isə 1 aya görülən işin 1 günə yenidən görülməsi… Amma komandama inanırdım. Həmin gecə hamımız ofisdə qaldıq.

Hər kəs əlindən gələnin maksimumunu edirdi. Hətta əməkdaşlarımızdan biri mənə dedi: “Yoldaşım məni boşasa da, sizi bu vəziyyətdə qoyub getmərəm. Səhərə qədər buradayam.”

Səhər saat 6-da 1 aylıq işi yenidən tamamlamışdıq. Kimimiz pilləkanda, kimimiz mətbəxdə, kimimiz müştəri kreslosunda yuxuya getmişdi. Səhər həm şirkətin ad günü tədbirini uğurla keçirdik, həm də lisenziyası dayandırılan şirkətlər arasında olmadıq.

Amma həmin gecədən mənim üçün ən böyük nəticə başqa oldu: Bu komandaya heç nə vəd edilməmişdi.

Nə bonus, nə vəzifə, nə də xüsusi mükafat. Sadəcə şirkətin dəstəyə ehtiyacı vardı və insanlar könüllü şəkildə birlik oldular.

Bu gün Biznes İdarəçiliyi forumunda iştirak edərkən bunu yenidən düşündüm: Bu gün bir çox şirkət eyni sistemləri qurur: eyni KPI-lar, eyni maaş modeli, eyni motivasiya sistemi… Amma əməkdaş ilk fürsətdə eyni sistemi quran başqa şirkətə gedirsə, problem sistemdə deyil.

Fərqi yaradan insanlardır.

Çünki sistem çökəndə onu yenidən ayağa qaldıran məhz insan olur.

Səidə Fətullazadə