Orta aylıq əməkhaqqı 6 dəfə artıb

Orta aylıq əməkhaqqı 6 dəfə artıb

Heydər Əliyevin şəxsiyyəti təkcə Azərbaycan dövlətçiliyinin quruculuğu ilə yox, həm də Azərbaycanın sosial siyasətinin müəyyən olunması ilə yaddaşlarda qalıb. Ulu Öndər Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin yaradıcısıdır. Ümummilli Lider Azərbaycanda məşğulluq münasibətləri, sosial müdafiə, sosial təminat məsələlərinin konseptual əsaslarını yaradan şəxsdir.

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış 1995-ci il Konstitusiyasında da Azərbaycan dövləti ən yüksək səviyyədə əhalinin rifahını, sosial təminatını, sosial müdafiəsini öz məqsədi kimi bəyan edib. "Ulu Öndərimizin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində - 2003-cü ilə qədər Azərbaycanda orta aylıq əməkhaqqı 6 dəfə, pensiya və müavinətlər 8 dəfə artıb. Bunun özü 10 illik bir dövr üçün çox yüksək göstəricilərdir. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərimizin yaratdığı sosial siyasət konsepsiyası davam etdirilir. Azərbaycan vətəndaşının rifahı, onun sosial müdafiəsi, məşğulluq imkanlarının genişləndirilməsi dövlət siyasətinin ana tərkib hissəsidir," - deyə nazir qeyd edib.