Ötən ay 122 min əməliyyat və 331 min rəqəmsal sənəd istifadəsi qeydə alınıb

Ötən ay 122 min əməliyyat və 331 min rəqəmsal sənəd istifadəsi qeydə alınıb

“mygov” platforması qurumların elektron xidmətlərinin göstərilməsini, habelə bütün növ dövlət xidmətləri və vətəndaş müraciətləri nəticəsində təqdim edilən sənədlərin (məlumatların) mərkəzləşdirilmiş qaydada təqdim olunmasını və onlardan istifadəni, vətəndaş müraciətlərinin və informasiya sorğularının mərkəzləşdirilmiş qaydada təqdim edilməsini və cavablandırılmasını, habelə fərdi məlumatlarının sorğulanmasına dair razılığın verilməsini və idarə olunmasını təmin edir.

Bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri Fərid Osmanov Xalq Qəzetinə müsahibəsində bildirib.

F.Osmanov qeyd edub ki, burada məqsəd rəqəmsal dövlət xidmətlərini vahid rəqəmsal ekosistemdə birləşdirərək vətəndaşların bu xidmətlərə daha rahat, sürətli və təhlükəsiz çıxışını təmin etməkdir. Bu baxımdan “mygov” yalnız bir xidmət platforması deyil, eyni zamanda dövlət–vətəndaş münasibətlərinin yeni, daha çevik və şəffaf modelinin formalaşmasında mühüm rol oynayan əsas alətlərdən biridir. Platformanın son illərdə sürətlə inkişaf etməsi və istifadəçi sayının artması da məhz bu yanaşma ilə bağlıdır. Bir tərəfdən platformada təqdim olunan rəqəmsal xidmətlərin sayı və funksionallığı genişlənir, digər tərəfdən isə vətəndaş təcrübəsini daha rahat edən yeni mexanizmlər tətbiq olunur.

Bu xidmətlərin genişlənməsi nəticəsində “mygov” platformasında istifadəçi sayı son bir ildə 2,4 dəfə artaraq 2,9 milyona çatıb. Platforma üzərindən xidmət istifadəsi isə 11 dəfə artıb və 2026-cı ilin mart ayında 122 min əməliyyat və 331 min rəqəmsal sənəd istifadəsi qeydə alınıb. Bu da platformanın yalnız qeydiyyat baxımından deyil, aktiv istifadə və vətəndaş mərkəzli təcrübə baxımından da inkişaf etdiyini göstərir.