“PAŞA Bank” sindikativ kredit bazarının inkişafına dəstək verən forum keçirib

“PAŞA Bank” sindikativ kredit bazarının inkişafına dəstək verən forum keçirib

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 18 noyabr 2025-ci il tarixində “II İllik Sindikativ Kreditlər Forumu”nu keçirib.
 
Tədbirdə yerli sindikativ kredit bazarının inkişaf istiqamətləri, xarici bankların təcrübəsi və ekspertizasının bu prosesdə rolu, lokal bazarda beynəlxalq maliyyə institutlarının iştirak perspektivləri, bazarda mövcud çağırışlar və yeni imkanlar, eləcə də bazarın inkişafı üçün praktiki həllər və yol xəritəsi müzakirə olunub.
 
Forumda “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov qeyd edib ki, tədbir sindikatlaşdırılmış kredit bazarının inkişafına yönəlik ən önəmli müzakirə platformalarından biridir və buradakı fikir mübadiləsi bazarın gələcək inkişafına mühüm töhfədir.
 
“Ölkə iqtisadiyyatının genişlənməsi və şahələnməsi, o cümlədən korporativ bizneslərin inkişafı və maliyyələşməyə artan ehtiyacını, maliyyə institutlarının riskləri bölüşdürmək və müştəri portfelinin idarə edilməsini optimallaşdırılması, güclənən tənzimləyici çərçivələrinə uyğunluq Sindikativ Kreditlərə zəruriyyəti və bu alətin geniş vüsət almasını şərtləndirir. Əminik ki, Sindikativ Kreditlərin inkişafı mütləqdir, bu istiqamətdə səylərimizi, diqqətimizi birləşdirməliyik. Məqsədimiz Sindikativ Kreditlərin müştərilərimizin də güvənəcəyi davamlı, etibarlı, praktiki strateji maliyyələşmə aləti vəziyyətinə gəlməsidir,” – deyə, Süleymanov bildirib. 
 
O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatı son illər ərzində yeni sənaye istiqamətlərinə, qeyri-neft sektorunun genişlənməsinə və strateji infrastruktur layihələrinə böyük diqqət ayırır. 
 
“Məhz bu səbəbdən sindikatlaşdırılmış kredit bazarının lokal potensialı kifayət qədər yüksəkdir. O cümlədən ötən ilin ortasında və bu ilin ortasında aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin investisiya dərəcəsinə yüksəldilməsi inkişafın göstəricisi olmaqla bərabər Sindikativ Kreditləri ölkə kənarından da cəlb edici edir,” – deyə, baş maliyyə inzibatçısı bildirib.
 
Qeyd edək ki, 100-ə yaxın iştirakçının qatıldığı forumda yerli və beynəlxalq bank və maliyyə institutlarının nümayəndələri, korporativ sektor və hüquqi xidmət sahələrinin ekspertləri iştirak edərək, sindikativ kredit bazarının inkişaf perspektivləri, qarşılaşdıqları çağırışlar, yeni imkanlar və praktiki həllər barədə təcrübə və fikirlərini bölüşüblər. İştirakçılar interaktiv sessiyalar vasitəsilə suallarına cavab tapmaq və beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.
 
“PAŞA Bank” son illər alternativ maliyyələşmə imkanlarının artırılması istiqamətində fəal təşəbbüslər həyata keçirir. Bank tərəfindən 2024-cü ildə keçirilən “Azərbaycanda sindikat kreditləşmə” və “Azərbaycanda alternativ investisiyalar” mövzulu tədbirlər də bu ekosistemin formalaşmasına töhfə verib.
 
2025-ci ildə Bank real sektor və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” seçilib, həmçinin “Stevie Awards”-da “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub və “Global Finance” nəşri tərəfindən təqdim olunan “World’s Best Private Banks 2025” mükafatının qaliblərindən biridir. Bank müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir və gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirmək niyyətindədir.