Mediasiya sahəsində iki yeni kitabın ictimai təqdimatı keçirilib

Mediasiya sahəsində iki yeni kitabın ictimai təqdimatı keçirilib

"Uşaq Hüquqları Aylığı" çərçivəsində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Bakı 10 saylı Mediasiya Təşkilatının mediatoru, pedaqoq Vəfa Seyfullayevanın müəllifi olduğu "Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi" kitabının və Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, filologiya elmləri doktoru, prof. Bənövşə Məmmədovanın müəllifi olduğu "Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar” kitabının ictimai təqdimatı keçirilib.

Təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, Qadın Vəkillər Alyansı - Women Lawyers Alliance sədri Dilarə Əfrasiyabova, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak edib.
Çıxış edən Nadir Adilov mediasiya sahəsində yeni tədris vəsaitlərinin nəşr edilməsinin bu sahənin öyrənilməsindəki əhəmiyyətini vurğulayıb. 

Həmçinin Elçin Xələfov çıxışı zamanı yeni bir sahə olan mediasiya institutunda mediatorların tədris prosesi zamanı tədris vəsaiti bazasının artmasının önəmini diqqətə çatdırıb.

Bənövşə Məmmədova təqdimatla çıxış edərək “Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar” kitabının əsas ağırlıq mərkəzinin təhsil sahəsi olduğunu və kitabda orta və ali təhsil müəssisələrində mediasiyanın tətbiqi, müəllim-tələbə münasibətlərinin tənzimlənməsi, müəllimlərarası əməkdaşlıq, məktəb rəhbərliyi ilə valideynlər arasında kommunikasiya, eləcə də inklüziv təhsildə - xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işdə mediasiyanın rolunun geniş şərh olunduğunu deyib.

Daha sonra Vəfa Seyfullayeva çıxış edərək “Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi” kitabının münaqişələrin həlli, sosial ədalət və gənclər arasında sağlam ünsiyyətin təşviqi məqsədilə hazırlanmış bir qaynaq olub, həm nəzəri bilikləri, həm də real dünya təcrübələrini birləşdirərək həmyaşıd mediasiyasının vacibliyini, necə işlədiyini və bu sahədəki uğurlu layihələri və praktikaları təqdim etdiyini bildirib.

Sonda kitablar iştirakçılara təqdim olunub.