PAŞA Bank yaşıl enerji sektorunda yeni maliyyələşmə imkanlarını qiymətləndirir

PAŞA Bank yaşıl enerji sektorunda yeni maliyyələşmə imkanlarını qiymətləndirir

PAŞA Bank Azərbaycanda bərpa olunan enerji sektorunda yeni layihələrin maliyyələşdirilməsi imkanlarını qiymətləndirir.

Bunu PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev 25–26 sentyabr tarixlərində Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) bildirib.

“Beynəlxalq maliyyə əməkdaşlığı: artım naminə tərəfdaşlıqların qurulması” panelində çıxış edən Bəhruz Nağıyev qeyd edib ki, Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerjinin payını artırmaq öhdəliyi sektora böyük həcmdə investisiyaların cəlb olunmasına imkan yaradır. Hazırda Masdar və ACWA Power kimi beynəlxalq şirkətlər ölkədə iri enerji layihələri həyata keçirirlər.

Onun sözlərinə görə, yerli şirkətlər və banklar da bu prosesdə fəal iştirak edir. PAŞA Bank artıq Naxçıvanda bərpa olunan enerji layihələrindən birini maliyyələşdirib və ölkənin digər bölgələrində əlavə layihələri nəzərdən keçirir.

Bəhruz Nağıyev bildirib ki, yaşıl enerji layihələrinin uzunmüddətli və daha əlverişli maliyyələşmə tələb etməsi beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq imkanlarını artırır. Bu baxımdan beynəlxalq iştirakçıların sektordakı təcrübəsindən istifadə mühüm əhəmiyyət daşıyır.

O, inkişaf bankları ilə əməkdaşlığın genişləndirilməsi üçün də potensial olduğunu vurğulayıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycana yatırdığı investisiyalar 870 milyon avro təşkil etsə də, bunun yalnız 7%-i maliyyə sektorunun payına düşür. Bəhruz Nağıyevin fikrincə, bu göstərici korporativ sektorla əməkdaşlığın artırılması üçün geniş imkanların olduğunu göstərir.

Paneldə həmçinin qlobal maliyyə mühiti, beynəlxalq kapitalın infrastruktur və sənaye layihələrində rolu, kredit reytinqləri və investor etimadı müzakirə olunub. Nağıyev yerli və xarici kapitalın bir araya gəlməsinin biznes üçün yeni maliyyələşmə imkanları yaratdığını bildirib.

2007-ci ildə yaradılan PAŞA Bank Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə fəaliyyət göstərir. Bank korporativ və KOB müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və digər maliyyə xidmətləri təqdim edir.

2026-cı ildə PAŞA Bankın IPO-su uğurla başa çatıb. 2026-cı ilin ilk yarısının yekunlarına görə, Bankın konsolidə edilmiş aktivləri 9,98 milyard manat, kapitalı isə 1,01 milyard manat təşkil edib.