Murad Zaidova "Xalq Sığorta"da yüksək vəzifə verildi
“Xalq Sığorta” ASC-də tərəfdaşlıqlar üzrə rəhbər vəzifəsinə təyinat olub.
Plat.az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Murad Zaidova həvalə olunub.
Qeyd edək ki, M.Zaidov “Xalq Sığorta”dan öncə “Ata Sığorta” ASC-də çalışıb. O, 2023-cü ildə “Ata Sığorta”da Satış şöbəsinin direktoru olaraq fəaliyyətə başlayıb, daha sonra korporativ satış üzrə menecer, 2024-cü ilin aprel ayından 2026-cı ilin aprel ayına kimi isə, “Ata Sığorta”nın Baş icraçı direktorunun müavini olub. Bu ilin aprel ayında “Ata Sığorta” ləğv edilib. Şirkətin sığorta portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülüb. Bundan sonra, yəni cari ilin may ayından M.Zaidov “Xalq Sığorta”da fəaliyyətə başlayıb və Korporativ müştərilər üzrə menecer təyin edilib. Sentyabrdan isə, tərəfdaşlıqlar üzrə rəhbər vəzifəsi M.Zaidova həvalə olunub.
M.Zaidov əmək fəaliyyətinə 2011-ci ilin yanvar ayında “KredAqro” bank olmayan kredit təşkilatında (BOKT) kredit mütəxəssisi olaraq başlayıb. 2011-ci ilin avqust ayından 2012-ci ilin iyun ayına kimi “M Bulak” BOKT-da filial müdiri olub. 2012-ci ilin iyun ayında “Paşa Sığorta” ASC-də fəaliyyətə başlayıb və 2018-ci ilə kimi fərdi müştərilər və bank sığortası üzrə baş nümayəndə, 2018-2023-cü illərdə isə Bank kanalları şöbəsinin müdiri vəzifələrində çalışıb.
Əlavə məlumat üçün deyək ki, "Xalq Sığorta"nın rəhbəri Roman Vəliyevdir. Şirkətin nizamnamə kapitalı 58 750 500 manat təşkil edir.
M.Zaidovun əvvəllər fəaliyyət göstərdiyi “Ata Sığorta” isə, mərhum vergilər naziri Fazil Məmmədova məxsus olub. 2000-2017-ci illərdə vergilər naziri vəzifəsini icra edən F.Məmmədov 2022-ci ildə Türkiyədə vəfat edib.


