ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb
“AZCON Holding” şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə avtotexnika daşımalarının həcmi cari ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
ASCO-dan bildirilib ki, bu ilin yanvar-avqust aylarında bərələrlə 28 min 178 ədəd avtotexnika daşınıb.
Ötən ilin səkkiz ayında isə bu göstərici 25 min 641 ədəd olub. Nəticədə daşımaların həcmi ədədlə ifadədə 10 faiz artıb.
Avtotexnika daşımalarının tonla ifadədə də artımı qeydə alınıb. Cari ilin yanvar-avqustunda bərələrlə 728 min 536 ton avtotexnika daşınıb. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 643 min 623 ton təşkil edib. Bu da 13 faiz artım deməkdir.
Cari ilin hesabat dövründə bərə gəmiləri ilə tranzit avtotexnika daşımaları 678 min 760 tona çataraq keçən ilin göstəricisini 9 faiz üstələyib.


