“PAŞA Holding” "Uklon”-un dayandırılması ilə bağlı AÇIQLAMA YAYDI

“PAŞA Holding” "Uklon”-un dayandırılması ilə bağlı

“PAŞA Holding” öz ekosistem strategiyası çərçivəsində genişləndirmək və daha da inkişaf etmək məqsədilə yeni, müasir, mütərəqqi biznes sahələrini araşdırır, eyni zamanda, mövcud sahələrin təkmilləşdirilməsi üzərində işləyir. Bu sahələrdən biri də taksi sifarişi platformaları ilə əməkdaşlıqdır.

2023-cü ildə “PAŞA Holding” Ukraynanın “Uklon” şirkəti ilə əməkdaşlığa başlayıb. Birgə tərəfdaşlıq zamanı taksi biznesinin ekosistemə müsbət təsiri, eləcə də, bu biznesin ümumilikdə ekosistemə yeni müştərilərin cəlb edilməsi və saxlanılması baxımından faydalılığı müşahidə olunub. Ekosistemin bir hissəsi olan “Umico” ilə birgə kampaniyalar da müştərilər tərəfindən müsbət qarşılanıb.

Bütün bunları nəzər alaraq, şirkət bu biznesin ekosistemin cari müştərilərinə daha böyük fayda təqdim etməsi məqsədilə yeni həll yolları axtarır.

“Biz bu biznesi indikindən daha sürətli şəkildə inkişaf etdirmək istəyirik. Bu məqsədlərə nail olmaq üçün “PAŞA Holding” avtonəqliyyat sifarişi xidməti sahəsində yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirir və hazırda bazar liderləri ilə danışıqlar aparır. “Uklon” ilə tərəfdaşlıq bizim inkişafımızda mühüm addım olub və biz bu dəyərli təcrübə üçün tərəfdaşımıza minnətdarıq”, - holdinqin mətbuat xidmətindən bildirilib.

Beləliklə, yaxın zamanda ölkədə “Uklon” xidməti fəaliyyətini dayandıracaq.