"PAŞA Holding" yeni proqrama başlayır

"PAŞA Holding" yeni proqrama başlayır

"PAŞA Holding" 44 günlük Vətən Müharibəsi və 2022-ci ilin sentyabrındakı erməni təxribatları zamanı şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladlarına sosial dəstək çərçivəsində tibbi sığorta proqramına başlayır.

"PAŞA Sığorta" tərəfindən təmin olunan sığorta proqramı 1 yanvar 2023-cü il tarixindən tətbiq ediləcək.

Genişləndirilmiş sığorta paketi stomotoloji və xroniki xəstəliklərin müayinəsi və müalicəsini də əhatə edəcək. Sığorta paketindən faydalanmaq üçün sığortalı uşaqlar və ya onların valideyni "PAŞA Sığorta" ilə əlaqə saxlayaraq övladlarını narahat edən məqamları qeyd edə və onlara ən yaxın tibb müəssisəsində həkim müayinəsinə yazıla biləcəklər.

Qeyd edək ki, "PAŞA Holding" 2022-ci il dekabrın 19-dan etibarən “Vətən əmanətlərin keşiyindədir” sosial dəstək proqramına başlayıb. Proqrama əsasən 2023-cü il ərzində hazırda 18 yaşadək olan şəhid övladları üçün təhsil, səhiyyə və digər sahələr üzrə sosial layihələr həyata keçiriləcək, bayram günlərində sovqatlar çatdırılacaq.

İlk belə sovqatlar Yeni il bayramı ərəfəsində çatdırılmağa başlanılıb. Dekabrın 22-dən etibarən "Bravo" supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə bayram sovqatları təqdim olunub.