Azərbaycanın sülhməramlı niyyətin bariz nümayişi! - RƏY

Azərbaycanın sülhməramlı niyyətin bariz nümayişi!

Bu gün işğaldan azad edilən şəhər, kənd və qəsəbələrimizin əsaslı şəkildə yenidən qurulması, dövlətimizin üçün əsas prioritet məsələlərdən biri hesab edilir.

Cənab Prezident İlham Əliyevin bu məsələyə həssas yanaşması, demək olar ki, bütün işlərə şəxsən özünün  nəzarət etməsi, yeni yaradılan obyektlərin açılışını etməsi və növbəti layihənin təməlini qoyması dediklərimizin bariz sübutudur. Ali Baş Komandanın sıx iş qrafikinə rəğmən müntəzəm olaraq işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlər onu deməyə əsas verir ki, Dövlətimiz 30 ilə yaxın müddətdə talan edilmiş, dağıdılmış, bir sözlə boz zonaya çevrilmiş bu yerləri bərpa etməkdə, oranın imkanlarından maksimum yararlanmaqda, ölkənin dörd bir yanına səpələnmək məcburiyyətində qalmış məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmalarında çox maraqlıdır. Həm qürurverici, həm də sevindiricidir ki, bu gün otuz ilə yaxın bir dönəmdə erməni işğalı altında qalmış torpaqlarımız, aparılan bərpa və yenidənqurma işləri sayəsində yeni görkəm alır, erməni vandalizminin izləri zamanla aradan qaldırılır. Bu məsələdə xüsusi vurğulanmalı məqamlardan biri də odur ki, həyata keçirilən genişmiqyaslı bərpa işlərinin böyük hissəsi məhz, Azərbaycanın öz daxili imkanları hesabına reallaşdırılır.

Qeyd edək ki, bu prosesdə Azərbaycana dost olan ölkələrin də iştirak etməsi qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan qurub-yaratmaqla, həm də öz niyyətini, məqsədlərini nümayiş etdirir. Bu gün ölkəmiz kənar qüvvələrin təsiri ilə məqsədli şəkildə münaqişə ocaqları yaradılmış regionumuza əbədi sülhün gəlməsinə çalışır. Bu məsələdə birmənalı maraqlı tərəf olan ölkəmiz sülpərvər olduğunu, müharibə istəmədiyini, əməkdaşlığa, inteqrasiyaya önəm verdiyini açıq nümayiş etdirir.

Lakin təəssüflər olsun ki, havadarlarının diqtəsi ilə hərəkət etmək məcburiyyətində qalan Ermənistan tərəfi reallığı tam dərk edə bilmir. Ermənistan anlamalıdır ki, bir zamanlar məhv etdiyi Qarabağ və ətraf rayonların bərpası təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun inkişafına xidmət edəcəkdir.  Bu günlərdə Ali Baş Komandan Novruz tonqalını tarixi Xankəndi şəhərində alovlandırmaqla Azərbaycanın sülhməramlı niyyətini bir daha nümayiş etdirmiş oldu. Xankəndidən dünyaya səslənən cənab İlham Əliyev bildirdi ki, həyata keçirilən işlər yalnız ölkə səviyyəsində deyil, eləcə də regional səviyyədə inkişafa müsbət təsir edəcəkdir.

Əlifağa İsgəndərli;
Neftçala rayon gənci, Vətən Müharibəsi iştirakçısı