Rusiyadan Azərbaycana taxıl ixracı ARTIB
Bu ilin yanvar-iyul aylarında Rusiyadan Azərbaycana taxıl ixracı 12% artıb.
Bu barədə Rusiyanın Taxıl İxracatçıları İttifaqı bildirib.
Misir bu dövrdə Rusiya taxılının ən böyük alıcısı olub. Məlumata görə, bu müddət ərzində Misirə 2 milyon 908 min ton taxıl ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur. Bunun 2 milyon 884 min tonunu buğda təşkil edib.
Taxıl alışında ikinci yerdə Səudiyyə Ərəbistanı (1,391 milyon ton), üçüncü yerdə isə İran (1,264 milyon ton) qərarlaşıb. Bundan əlavə, Türkiyəyə 1,262 milyon ton, Əlcəzairə isə 978 min ton taxıl tədarük edilib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 579,9 min ton buğda idxal edib. Bu həcmdə buğdanın dəyəri isə 128,3 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından isə 30% azdır.