Rusiyanın neft nəhəngi ilə riskli anlaşma - "LUKOIL"un aktivlərini hansı şirkət alır?

Rusiyanın neft nəhəngi ilə riskli anlaşma -

Səudiyyə Ərəbistanının "Midad Energy" şirkətinin "LUKOIL"un xarici aktivlərini əldə etmək üçün niyyət müqaviləsi imzaladığı məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında yanvarın sonunda əldə edilmiş anlaşma satışa çıxarılan bütün aktivləri əhatə edir.

Ərəbistan şirkəti ABŞ Maliyyə Nazirliyi də daxil olmaqla, tənzimləyici orqanlardan lazımi təsdiqlərin alınmasına qədər "LUKOIL"un pulunu nağd şəkildə ödəməyə və vəsaitləri xüsusi əmanət hesabına yerləşdirməyə razılıq verib.

Agentliyin mənbələrindən biri şirkətin bütün tənzimləyici tələblərə cavab vermək üçün çalışdığını bildirib.

O qeyd edib ki, təklif Səudiyyə Ərəbistanının güclü siyasi əlaqələrinə əsaslanaraq yüksək riskli bir addım kimi qəbul olunur.

Xatırladaq ki, ABŞ-nin 2025-ci ilin oktyabr ayında sözügedən Rusiya şirkətinə və onun törəmə qurumlarına qarşı sanksiyalar tətbiq etməsindən sonra "LUKOIL" xarici aktivlərini satmaq qərarına gəlib.

Birləşmiş Ştatların Maliyyə Nazirliyi bu aktivlərin satışına icazə verən lisenziyanı iki dəfə, sonuncu dəfə isə fevralın 28-nə qədər uzadıb.