Şuşa Şanlı tariximizin təntənəsidir!

Şuşa Şanlı tariximizin təntənəsidir!

Bir zamanlar xəyanətin qurbanı olaraq əsir düşmüş, 28 il yad əllərdə qalan Qarabağın tacı olan Şuşa bu gün doğma nəfəslərini bağrına basaraq yenidən tarixinin ən şərəfli, ən qürurlu dövrünü yaşamağa başlayıb. Şuşa artıq dörd ilə yaxındır ki, ideoloji, ictimai-siyasi tədbirlərin mərkəzinə çevrilərək yeni bir dövrünə qədəm qoyub.

Bu gün tarixi abidələrlə zəngin qala şəhərimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Şuşada aparılan abadlıq-quruculuq işlərində hər bir xırda detala xüsusi diqqətlə yanaşılır. Şuşanın tarixiliyi, qədimliyi, özəlliyi qorunmaqla bu şəhər bərpa olunur, yenidən qurulur, gözəlləşir. Artıq bir çox işğaldan azad olunan ərazilərimiz Füzuli, Laçın kimi Şuşamız da ilk sakinlərini qoynuna alır. Otuz iki ildən sonra doğma Şuşaya qayıdan şuşalılar bu tarixi anların xoşbəxtliyini yaşayır, onlara bu hissləri yaşatdığı üçün Ali Baş Komandana, qəhraman şəhidlərə, qazilərə, müharibə iştirakçılarına borclu olduqlarını dilə gətirirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Şuşaya səfəri çərçivəsində yaşayış kompleksinin açılışında iştirak etmələri, şəhərə köçmüş ilk sakinlərlə görüşləri tarixi hadisə idi. Görüşdə çıxış edən Ölkə başçısı bu məqamı xüsusi vurğuladı; “2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.  Bəli, ötən illər ərizində dövlət başçısının siyasi iradəsi ilə ardıcıl olaraq görülən işlər, keçirilən görüşlər, müxtəlif müstəvidə aparılan danışıqlar münaqişənin sülh yolu ilə həllinə gətirib çıxara bilmədi. Çünki, bu işə məsul olan dairələr, bəzi “demokratik” ölkələr bu münaqişənin Azərbaycanın maraqları çərçivəsində həll edilməsini istəmirdilər.

Ancaq Ali Baş Komandan münaqişənin həll edilməsinin bütün mümkün variantlardan istifadə edilməklə mümkün olduğunu dəfələrlə, həm Ermənistana, həm də onun havadarlarına bəyan edirdi. Ötən dövr ərzində ölkəmizin iqtisadi qüdrətinin artması, dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər görülmüşdü. Paralel olaraq vətənpərvər ruhlu gənclərin yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edirdi. “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər.

Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik” – deyən cənab Prezident bütün Azərbaycan xalqının 44 gün ərzində bir yumruq kimi birləşdiyinə diqqət çəkdi.  Cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan XXI əsrə Zəfərlə başladı. Ötən əsrin sonlarında məğlub duruma düşürülən Azərbaycan yeni əsrə günəş kimi doğdu. Bu gün xalqımızın hər bir nümayəndəsi qürurludur. Çünki Qalib Ölknin vətəndaşı olmaq tamam ayrı hisslərdir!.

Tamella Hümbətova;
Neftçala rayonu, müəllim