Tarix yazan Müzəffər Prezident!
Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan dünyada heç vaxt olmadığı qədər güclü və qüdrətli ölkə kimi tanınır və qəbul edilir. Biz bunu bir çox aspektdə izah edə və faktlarla təsdiq bilərik. Belə ki, suverenliyi, siyasi və iqtisadi inkişafı, müstəqil xarici siyasəti, beynəlxalq birlik tərəfindən qəbul edilməsi və dəstəklənməsi, etibarlı tərəfdaş imici ilə arzuolunan və dost ölkə kimi tanınması, xalq-dövlət-lider birliyi kimi hər bir dövlətin arzuladığı, lakin nail ola bilmədiyi xüsusiyyətləri özündə birləşdirən Azərbaycan son 22 ildə qarşıya qoyduğu bütün vəzifələrə nail olub.
Əlbəttə ki, bütün qeyd etdiyimiz amillər ötən dövr ərzində öz-özündən formalaşmayıb. Əsası Ulu Öndər tərəfindən qoyulmuş müasir dövlətimizin əsasları XXI əsrdə Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi varisi, Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycanın çoxsrlik tarixinə əbədi, qızıl hərflərlə yazdırmış Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən mükəmməl formada davam və inkişaf etdirilməkdədir. 2003-cü il oktyabr ayının 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Həmin il 15 oktyabr tarixində Azərbaycan xalqının yekdil səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Ümummilli lider Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Bəli, bu gün görünən odur ki, Möhtərəm Prezident cənab İlham Əliyev fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə sürətli inkişafına nail olub. İnsanların rifah halı daha da yaxşılaşıb, Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir, qüdrətli, Qalib Ördu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ən əsası isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib. Bu tarixi hadisə ilə, eyni zamanda Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu reallaşıb. Hər birimiz gözəl xatırlayırıq ki, 44 günlük Vətən Müharibəsi dövründə Ali Baş Komandan cənab İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu “Dəmir yumruq” kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Həmin dövrdə bütün müjdəli xəbərləri Azərbaycan xalqına məhz Müzəffər Ali Baş Komandanı çatdırırdı.
Bu gün qürurla deyə bilirik ki, məhz onun rəhbərliyi altında Azərbaycan, həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Dövlət başçımız informasiya cəbhəsində təkcə Ermənistanın deyil, onun məkrli havadarlarının da bütün anti-Azərbaycan təbliğatının üzərindən xətt çəkdi. 2023-cü ilin sentyabrın 19-da isə Azərbaycan Ölkə başçısının rəhbərliyi ilə suverenliyinə nail oldu. Belə ki, Vətən Müharibəsinin sonunda imzalanmış Üçtərəfli bəyanatın müddəalarının tam təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Suveren ərazilərimizdə qalmış Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və bütün bunların əsasında dayanan Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Nə qədər təəcüblü də olsa, cəmi 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində düşmən təkrar ağ bayraq qaldırdı. Bu faktlar özlüyündə bir daha Müzəffər Prezidentimiz cənab İlham Əliyevin qüdrətli Azərbaycan naminə məqsədyünlü, düşünülmüş, qətiyyətli siyasətini dünyaya nümayiş etdirdi.
Ataş Əsədov;
Neftçala rayonu

