Azərbaycanın və İtaliyanın ortaq maraqlara əsaslanan əməkdaşlığı - RƏY

Azərbaycanın və İtaliyanın ortaq maraqlara əsaslanan əməkdaşlığı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 4 may tarixində Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan ilə İtaliya arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsini bir daha nümayiş etdirir.

2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair mühüm sənədlər iki ölkə arasında münasibətlərin hüquqi və siyasi əsasını təşkil edir və bu sənədlərdə əksini tapan müddəalar bu gün real əməkdaşlıq müstəvisində uğurla həyata keçirilir. Ölkə başçısı nitqində qeyd etmişdir ki, Azərbaycan ilə İtaliya arasında əlaqələr yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, enerji, ticarət, humanitar və mədəni sahələri də əhatə edən geniş və çoxşaxəli əməkdaşlıq platformasına çevrilmişdir.

Xüsusilə enerji sahəsində tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və bu kontekstdə İtaliya Azərbaycanın əsas strateji tərəfdaşlarından biri kimi çıxış edir. Dövlət başçısı Ciorcia Meloninin səfərinin əhəmiyyətinə toxunaraq bildirmişdir ki, onun Ermənistandakı proqramını başa vurduqdan sonra Azərbaycana səfər etməsi xüsusi rəmzi məna daşıyır. Bu addım regionda balanslı və obyektiv yanaşmanın göstəricisi olmaqla yanaşı, Azərbaycana göstərilən hörmətin və dost münasibətin bariz ifadəsidir.

Prezident bunu həm də iki ölkə arasında qarşılıqlı etimadın və yüksək səviyyəli siyasi dialoqun nəticəsi kimi qiymətləndirmişdir. Əminliklə deyə bilərik ki, belə səfərlər dövlətlərarası münasibətlərin daha da möhkəmləndirilməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin genişləndirilməsinə xidmət edir. Azərbaycanın və İtaliyanın ortaq maraqlara əsaslanan əməkdaşlığı gələcəkdə də davamlı inkişaf edəcək, regionda sabitlik, tərəqqi və qarşılıqlı faydalı tərəfdaşlıq üçün mühüm rol oynayacaqdır.

Rauf Ələkbərov
Neftçala rayonu