Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.
Görüş çərçivəsində mobil operatorlara, sabit simsiz texnologiyalardan istifadə edərək internet telekommunikasiya xidməti göstərən operator və provayderlərə və digər radiotezlik istifadəçilərinə aid baza stansiyalarının (RBS), həmçinin digər ötürücü radio avadanlıqların quraşdırılması və istismarı üçün ekoloji ekspertiza rəyinin və sanitariya-epidemioloji rəyin verilməsinə dair geniş müzakirə aparılıb.
Tənzimləyici qurum olaraq İKTA telekommunikasiya sahəsində ekoloji və sanitar-epidemioloji normaların riayət olunmasında maraqlıdır və bu məqsədlə aidiyyəti strukturlarla qarşılıqlı əməkdaşlığa, həmçinin fikir və təcrübə mübadiləsinə daim açıqdır.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.